Accessibility links

Haşimi Rəfsəncani: Onlar bu hərəkətləri ilə islam inqilabına zülm edirlər


Haşimi Rəfsəncani
Haşimi Rəfsəncani

Mübariz Ruhanilər Assosiasiyası seçkilərdə Rəfsancanini dəstəkləyək

İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, prezidentliyə namizəd ayətullah Haşimi Rəfsəncani mayın 16-da tələbələrlə görüşündə iyunun 14-də keçiriləcək prezident seçkisindən danışıb.

“Media forum” saytının məlumatına görə, Haşimi Rəfsəncani deyib ki, xalqın səsinin əksəriyyətini qazana bilən hökumət ölkədəki problemləri asanlıqla aradan qaldıra bilər:

“Yalnız xalqa etimad edib ona söykənərək daxili və xarici problemləri həll etmək mümkündür. Nəzərə almaq lazımdır ki, bu gün media, informasiya texnologiyaları, o sıradan da internet inkişaf edir və artıq həqiqətləri xalqdan, xüsusən ali təhsilli gənclərdən gizlətmək mümkün deyil”.

Haşimi Rəfsəncani hər hansı şəxsin və ya qrupun adını çəkməsə də, mediada ona qarşı təxribat xarakterli kampaniya aparıldığını söyləyib:

“Partiyasının, mənsub olduğu cərəyanın müvəqqəti mənafeyi naminə, tamahkarlığından yalan-böhtanla özünü haqlı göstərib başqalarını meydandan çıxarmağa çalışanlar bilməlidirlər ki, onlar bu hərəkətləri ilə istər-istəməz islam inqilabına zülm edirlər”.
İslahatçılara yaxınlığı ilə tanınan Mübariz Ruhanilər Assosiasiyası seçkilərdə Rəfsancaninin namizədliyini dəstəkləyəcək.

Assosiasiyasnın bəyanatında deyilir ki, prezident seçkisində Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncaninin namizədliyinə dəstək verəcək.

“Güman edirik ki, Haşimi Rəfsəncanini prezident seçkisinə qatılmağa vadar edən onun şəxsi maraq və motivi yox, ölkə, xalq və inqilab taleyi haqda daşıdığı məsuliyyət hissi, mövcud təhlükələri dərk etməsidir. Məhz buna görə də onun bu həssas şəraitdə prezidentliyə namizədliyini irəli sürməsi təqdirəlayiqdir.

Mübariz Ruhanilər Assosiasiyası hesab edir ki, Haşimi Rəfsəncani ölkə iqtisadiyyatının yaxşılaşdırılmasına, mövcud idarəçilikdəki nöqsanların aradan qaldırılmasına, ölkəyə qarşı mövcud təhdid və təhlükələrin azaldılmasına yardım göstərə biləcək ən uyğun namizəd və yeganə şəxsiyyətdir”.
XS
SM
MD
LG