Accessibility links

NATO baş katibi: NATO Suriyaya hərbi müdaxilə etmək niyyətində deyil


NATO-nun baş katibi Anders Foq Rasmussen

NATO-nun baş katibi Anders Foq Rasmussen

Anders Foq Rasmussen Bakıda Cənubi Qafqazda təhlükələr, hərbi, seçki və media azadlığı islahatları, Dağlıq Qarabağ münaqişəsi və Suriyadan danışıb.

NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycana səfəri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında tələbələr qarşısında çıxış edib.
APA agentliyinin məlumatına görə, baş katib Cənubi Qafqaz regionunda əldə olunan tərəqqiyə rəğmən təhlükəsizlik sahəsində təhdidlərin qaldığını bildirib.

O çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Dağlıq Qarabağ münaqişəsi məsələsində iki məsələ aydındır. Münaqişənin hərbi yolla həlli mövcud deyil və irəliyə doğru aparacaq yeganə yol dialoq, kompromis və əməkdaşlıqdır. NATO münaqişənin nizamlanması prosesinə birbaşa cəlb olunmayıb, lakin ATƏT-in Minsk Qrupunun nizamlanmaya yönəlik səylərini tam şəkildə dəstəkləyir”.

Baş katib Azərbaycanın zabit Ramil Səfərovu əfv etmək qərarından narahatlığını ifadə edib: “O, dəhşətli cinayət törədib və onun əfv edilməsi münaqişənin sülh yolu ilə həllinə dəstək vermir”.

Anders Foq Rasmussen regionda gərginliyin aradan qaldırılması üçün tədbirlərin görülməsinin və region çərçivəsində əməkdaşlıq imkanlarının yaradılmasının zəruriliyini qeyd edib.

Agentlik bildirir ki, NATO baş katibi Azərbaycanı seçkilər və media azadlığı sahələrində islahatları davam etdirməyə çağırıb.
“Bu islahatların keçirilməsi ölkəyə xeyir gətirəcək. Azərbaycan müdafiə sahəsində də islahatları davam etdirməlidir. NATO Azərbaycanla təlim və treninqlərin keçirilməsi, enerji təhlükəsizliyi və kibertəhlükəsizlik, ərazilərin minalardan təmizlənməsi sahələrində əməkdaşlıq edir”.

O suallara cavabda həmçinin bildirib ki, NATO Suriyaya hərbi müdaxilə etmək niyyətində deyil.

Baş katib, Suriya və Liviya arasında analogiya aparmağın düzgün olmadığını söyləyib: “Liviya və Suriya fərqli hadisələrdir. Liviya məsələsində insanları müdafiə etmək üçün əlimizdə BMT-nin dəqiq ifadə olunmuş mandatı və region ölkələrinin dəstəyi vardı. Suriya isə başqa məsələdir. Suriya məsələsində ən yaxşı variant məsələsinin siyasi yolla həllidir. NATO Suriyada vəziyyəti ciddi şəkildə izləyir. Türkiyə bizim tərəfdaşımızdır və zərurət yaranacağı təqdirdə biz Türkiyəni müdafiə etməyə hazırıq”, - deyə qeyd edib.
XS
SM
MD
LG