Accessibility links

Həcər Pənahlı: Oğlanlarımın atasını türmə köşələrində döyürlər


Həcər Pənahlı: Oğlanlarımın atasını türmə köşələrində döyürlər

Həcər Pənahlı: Oğlanlarımın atasını türmə köşələrində döyürlər

Hazırda həbsdə olan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərini biri olmuş Nemət Pənahlının həyat yoldaşı cənab Pənahlının səhhətində problemlər olduğunu, həbsxanada aclıq keçirdiyini, məhbusların cəza kamerasına salındığını və fiziki təzyiqlərə məruz qaldığını bildirib.

Hazırda həbsdə olan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərini biri olmuş Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı Amerikanın Səsi radiosuna müsahibəsində cənab Pənahlının səhhətində problemlər olduğunu, həbsxanada aclıq keçirdiyini, məhbusların cəza kamerasına salındığını və fiziki təzyiqlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, Nemət Pənahlı 2010-cu il parlament seçkiləri zamanı deputatlığa namizəd olub və hazırki iqtidarı kəskin tənqid etdikdən sonra bu il yanvarın 8-də dələduzluq ittihamı ilə həbs edilib.

Sual: Nemət Pənahlının həbsinin səbəbləri nədir?

Cavab: Nemət Pənahlının həbsinin gerçək səbəbləri onun hakimiyyətə qarşı kəskin tənqidi siyasi görüşləridir. Baxmayaraq ki, onu başqa maddə ilə həbs ediblər. Ancaq, Nemət həbsindən qabaq məni xəbərdar etmişdi ki, iqtidara qarşı tənqidi çıxışlarına görə onu hər an həbs edə bilərlər. Bu səbəbdən də müəyyən bəhanələr gətirərək həbs etdilər.

Sual: Nemət Pənahlı deputatlığa namizəd olub və iqtidarı kəskin tənqid edib. Onun həbsinin seçkilərlə əlaqəsi varmı?

Cavab: Təbii ki, var. O, seçkilər zamanı çox kobud qanun pozuntularına rast gəldi. Təbliğat kampaniyasına qarşı hücumlar oldu, sıxışdırdılar, təbliğatını qurmasına belə, imkan vermədilər. Namizədliyini geri götürməsə də, təbliğat kampaniyasını dayandırdı. Nemət mediada açıq bəyan etdi ki, hakimiyyət onun namizədliyini irəli sürdüyü seçki dairəsindən öz adamını artıq təyin edib.

Sual: Nemət Pənahlının həbsdən azad edilməsi ilə bağlı hökumətə müraciət edibsinizmi?

Cavab: Məhkəmə hökmündən dərhal sonra Pənahlının ailə üzvləri adından prezidentə müraciət etmişik. Müraciətdə Pənahlıya qarşı baş verən qanunsuzluqları, onun 26 yaşında milli azadlıq hərəkatının lideri olmasını, bir milyondan çox insanı idarə etməsini, Sovet imperiyasının dağıdılması tarixində əvəzedilməz bir insan olduğunu qeyd etmişik. İndiyədək müraciətimizə hər hansı reaksiya verilməyib.

Sual: Hazırda Nemət Pənahlının sağlamlıq durumu necədir? Medianın məlumatına görə, o, iyulun 2-dən aclıq keçirir.

Cavab: Aclığa başlamamışdan öncə onun sağlamlıq durumunda çox böyük problemlər üzə çıxdı. Keçirdiyi stressdən sonra şəkər xəstəliyi yaranıb. Biz, onun cəzaçəkmə müəssisəsində tibbi müayinədən keçirilməsi üçün müraciət etdik. Buna məhəl qoyulmadı. Bundan sonra, özəl laboratoriyada analiz edilməsi üçün sidiyinin vəkil vasitəsi ilə cəzaçəkmə müəssisəsindən çıxarılmasına cəhd etdik. Buna görə, Nemət Pənahlını məhbusların cəza kamerasına saldılar. Onu cəzaçəkmə kamerasında möhkəm döydülər. Bu səbəbdən də iyulun 2-dən aclıq aksiyasına başlayıb. Hazırda, Nemət Pənahlının həyatı təhlükədədir, Çünki, o xəstədir, ağır stress keçirib və şiddətli şəkildə döyülüb. Həm də onu emosionallaşdırmaq üçün təhqirlərə məruz qoyurlar.

Sual: Nemət Pənahlının həbsi ailəsinə necə təsir edib?

Cavab: Ailə üzvləri özlərini çox pis hiss edir. Nemət Pənahlının altı uşağı var. Mənim dörd oğlum ürəklərində atalarından ancaq vətən, millət sevgisi, vətəni qorumaq kimi nəsihətlər eşidib. Onlar bilirlər ki, Azərbaycanın azadlığına ataları imza atıb. Atalarının qolunda dələduzluq ittihamı ilə qandal görən və indiyədək polis olmaq istəyən oğlanlarım, indi birmənalı şəkildə, bu ölkəni tərk etmək istəyir.

Sual: Ailəniz hansı ölkəyə üz tutmaq arzusundadır?

Cavab: Birinci növbədə, Türkiyəyə üz tutacağıq. Daha doğrusu bu ölkəyə getmək üçün artıq müraciət etmişik. Türkiyə, yəni sayın Ərdoğan bizə cavab verməsə, hansı ölkəyə getmək barədə düşünəcəyik. Biz, bu ölkədən gedəcəyik. Çünki, oğlanlarım gördü ki, bu ölkədə hətta onların ataları kimi millətə, xalqa xidmət etmiş insanın qoluna belə, çəkinmədən dələduzluq ittihamı ilə qandal vurdular. Onların atasını türmə köşələrində döyürlər.

Müəllifdən: Ədliyyə nazirliyinin Penitensiar Xidməti Nemət Pənahlınınm döyülməsi iləı bağlı deyilənləri təkzib edib. Eyni zamanda, Penitensiar Xidmət Nemət Pənahlının aclıq aksiyası keçirdiyini təsdiqləyib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum” saytına açıqlamasında deyib ki, Nemət Pənahlı iyulun 9-dan aclıq aksiyası keçirir. “Nemət Pənahlı haqqında qaldırılan cinayət işi və çıxarılan məhkəmə hökmünə etiraz edir. Vəziyyəti normaldır, səhhətində heç bir problem yoxdur. Yalnız Nemət Pənahlı deyil, aclıq aksiyası keçirən istənilən şəxs daimi həkim nəzarətində olur, digər məhkumlardan təcrid olunur. Əgər Nemət Pənahlının səhhətində hər hansı problem yaransa, mütləq həkim müdaxiləsi olacaq”.

Bu il yanvarın 8-də döymə və xuliqanlıq ittihamları ilə tutulan Nemət Pənahlı iyunun 17-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətində azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG