Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı Hepatit C xəstəliyi üçün ilk dəfə olaraq müalicə qaydaları tətbiq edib. Qara ciyər xəstəliyi olan Hepatit C səbəbi ilə hər il 350 minlə 500 min arasında insan dünyasını dəyişir.

Təşkilat dünya boyu 130-la 150 milyon insanın bu xroniki infeksiyaya yoluxduğunu bildirir. Xəstəliyin ən çox qeydə alındığı bölgələr Mərkəzi və Şərqi Asiya, habelə Şimali Afrikadır.

Hepatit C virusu əsasən qanla yayılır. Buna işlənmiş iynələr və şprintslər yol açır.
Bu virusun daşıyıcılarının əksəriyyəti ya serroz, ya da qara ciyər xərçənginin qurbanı olur.

Ümumdünya Səhiyyə Təşkilatı yeni müalicə qaydalarının effektiv və yeni dərman preparatlarının daha təhlükəsiz olduğunu bildirir.

Təşkilatın Qlobal Hepatit proqramının direktoru Stefan Viktorun dediyinə görə, indi bu xəstəliyin müalicəsi mümkündür. “Son zamanlara qədər xəstəliyin müalicəsi üçün 48 həftə İnterferon preparatının qəbulu məsləhət görülürdü. Bu, olduqca zəhərli dərman olduğu üçün insanlar onu qəbul etməkdən imtina edirdi. İndi isə yeni mülicə metodları və 12 həftəlik dərman kursları var. Müalicələrin bəziləri inyeksiyasız aparılır. Nəticələr isə xəstələrin 90 faizinin sağaldığını göstərir.”

Lakin bədbəxtlikdən insanların əksəriyyəti müalicədən məhrumdur. Bunun səbəblərindən biri xəstəlikdən xəbərsizlikdir. Daha bir səbəb müalicə imkanlarının məhdud olmasındadır.

Lakin doktor Viktorun dediyinə görə, ən mühüm problem xəstəliyin simptomlarının bilinməməsidir. İnsanlar xəstəlik riskini hiss etmir. Qara ciyərə ciddi zərər dəydikdə xəstəliyin olduğu üzə çıxır.

Daha bir problem müalicənin bahalığındadır. 12 həftəlik müalicə 84 min dollar tələb edir.

Yeni qaydalara Hepatit C virusunun müəyyən edilməsi üçün təhlillər aparılması daxildir. Bundan əlavə daha təhlükəsiz prosedurlarla xəstəliyin yayılmasının qarşısının alınması yolları da qaydalara salınıb.

Ümumdünya Səhiyyə Təşkilatı müalicə qiymətinin yaxın zamanda düşəcəyindən əminliyini bildirir.

Təşkilatın rəsmiləri deyir ki, HİV/QİÇS xəstəliyi yeni aşkar ediləndə onun müalicəsi 10 min dollar təşkil edirdi. Lakin eyni dərmanlar və eyni müalicənin dəyəri bu gün 100 dollar təşkil edir.
XS
SM
MD
LG