Accessibility links

"Deyiblər ki, çəkiliş qarşısında heykəldən üzr istəyin, bundan sonra sizi buraxaq” [Video]


Bayram Məmmədov və Qiyas İbrahimov narkotik ittihamları ilə həbs edilib

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar – Bayram Məmmədovla Qiyas İbrahimov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Qiyasəddin İbrahim
Qiyasəddin İbrahim

Gənclər qanunsuz narkotik dövriyyəsində ittiham olunurlar. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin hər birinin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Vəkil Elçin Sadiqov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Bayram məhkəmədə ona Baş Polis İdarəsində, Nərimanov rayon Müvvəqəti saxlanma yerində işgəncəyə və qeyri-insani rəftara məruz qalıb.

Bayram Məmmədov barəsində həbs-qətimkan tədbiri seçildi
Bayram Məmmədov barəsində həbs-qətimkan tədbiri seçildi

“Hakim bununla bağlı qərar qəbul elədi araşdırılması üçün. Əlavə olaraq biz də araşdırılması üçün müraciət edəcəyik”-deyə vəkil bildirib.

Elçin Sadiqov deyib ki, Bayram Məmmədov itthamların heç birini qəbul etmir və məhkəmədə müdafiə etdiyi şəxs deyib ki, bütün bu ittihamlar heykəl məsələsinə görə irəli sürülüb.

Bayram Məmmədovun vəkili Elçin Sadıqov deyir ki, qərardan şikayət verəcəklər.

***

Şüar yazdığı üçün saxlanılan gənclər qondarma narkotika ittihamı ilə həbs edilirlərsə, həmin gənclər artıq siyasi məhbusdurlar.
Əli Kərimli, Xalq Cəbhəsi lideri

Mayın 12-də Xətai rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovla siyasi fəal Qiyasəddin İbrahimin məhkəməsi başlayacaq.

Onlar Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə - narkotik maddə saxlamaqda ittiham olunur.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Eyni zamanda Daxili İşlər Nazirliyinin gündəlik xronikasında deyilir ki, Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qr heroin, evinə baxış zamanı isə əlavə olaraq 1,15 kq heroin aşkar edilərək götürülüb

Həmçinin Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qr heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1,01 kq heroin aşkar edilərək götürülüb.

***

Mayın 11-də tutulmuş NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovla siyasi fəal Qiyasəddin İbrahim hazırda Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır.

Bu haqda gənclərin vəkili Elçin Sadıqov facebook səhifəsində məlumat verib.

Elçin Sadıqovun sözlərinə görə, mayın 12-də Nərimanov polis idarəsinə getsə də, ona gənclərlə görüşməyə imkan verilməyib:

«Onları müvəqqəti saxlama yerinin həyətini süpürməyə məcbur edirdilər. Mən buna etiraz edəndə məni oradan çıxartdılar. Üzlərindən görünürdü ki, onları çox qorxudurlar».

Elçin Sadıqov deyir ki, hər iki gəncin ləyaqətinin alçaldılması ilə bağlı rəftar, çox güman ki, saxlama yerindəki kameralara da düşüb.

Vəkilin sözlərinə görə, gənclərə hansı ittihamın irəli sürülməsi haqda ona heç bir məlumat verilməyib:

«Ancaq ehtimal var ki, narkotiklə bağlı ittihamdır».

Xətai rayon məhkəməsində Bayram Məmmədov deyib ki, polis idarəsində hər ikisinə işgəncə verilib. Vəkil deyir ki, onlara işgəncə altında ittihama qol çəkdiriblər. Həm də Heydər Əliyevin heykəlindən üzr istəməyi tələb ediblər:

“Bayram Məmmədov məhkəmədə dedi ki, hər ikisindən heykəl qarşısında üzr üstəməyi tələb ediblər. Deyiblər ki, “çəkiliş qarşısında heykəldən üzr istəyin, bundan sonra sizi buraxaq””.

NİDA Vətəndaş Hərəkatı mayın 11-də yaydığı açıqlamasında bildirib ki, hər iki gənc mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə etirazçı şüarlar yazdıqlarına görə saxlanılıblar. "Qul bayramınız mübarək!" şüarı Heydər Əliyevin ad günü münasibətilə hər il düzənlənən "gül bayramı"-na işarə edib.

Siyasi etiraz şüarları Azərbaycanda hazırkı siyasi sistemin banisi sayılan sabiq prezident Heydər Əliyevin heykəlini hədəf alıb.
Siyasi etiraz şüarları Azərbaycanda hazırkı siyasi sistemin banisi sayılan sabiq prezident Heydər Əliyevin heykəlini hədəf alıb.

Vəkil Elçin Sadıqov məsələnin araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, məsələ araşdırılandan sonra gün ərzində məlumat veriləcək.

Müxalifət partiyaları gənclərin şərlənərək tutulduğunu hesab edir. "Şüar yazdığı üçün saxlanılan gənclər qondarma narkotika ittihamı ilə həbs edilirsə, həmin gənclər artıq siyasi məhbusdurlar," deyə Xalq Cəbhəsi lideri Əli Kərimli bildirib.

Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda siyasi fəalların, jurnalistlərin və müxalif fikirli insanların "xuliqanlıq", "narkotik maddə gəzdirmək", yaxud başqa qeyri-siyasi ittihamlarla həbs edilməsi mütəmadi hal alıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG