Accessibility links

Rüfət Səfərovu cərimə kamerasına salıblar


Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsində 7 sutkalığa cərimə kamerasına (karser) salınıb. Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.

O hesab edir ki, müttəhimə təzyiqlər göstərilir.

“Rüfət Səfərova təzyiq Apellyasiya Məhkəməsindən sonra başlayıb. Öncə təcridxanada 25 il həbsdə yatan residivisti onun yanında yerləşdiriblər. O, Rüfətə qarşı aqressiv, qeyri-adekvat yanaşıb.

9 saylı koloniyaya köçürüldükdən sonra onun yanında rühi xəstə yerləşdiriblər ki, o da Rüfətə yatmağa imkan verməyib. Rüfət bu barədə koloniya nəzarətçiləri dəstəsinin rəhbərinə söylədikdə o, Rüfəti təhqir edib. Bundan sonra Rüfət koloniya rəhbərliyinə şikayət edib. Nəticədə guya Rüfət nizam-intizamı pozduğuna görə iki gün öncə 7 günlüyə cərimə kamerasına salıblar.

Vəkil bu qərarı qanunsuz adlandırıb. O, R.Səfərovun atası və onun hüquqlarının İctimai Müdafiə Komitəsinin üzvü Mətləb Mütəllimli ilə birlikdə keçmiş müstəntiqə qarşı qanunsuzluğun aradan qaldırılması məqsədilə koloniya rəisi ilə görüşmək istəyir.

Rüfət Səfərov 2016-cı ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, buna qədər isə “davranış normalarını pozduğuna görə” prokurorluqdan xaric edilib. Dekabrın 22-də Apellyasiya Məhkəməsi R.Səfərovun barəsində hökmü qüvvədə saxlayıb.

Onun atası, hakim partiyanın yaradıcılarından biri, parlamentin keçmiş deputatı, sonradan Müdafiə Nazirliyinin mətbuat katibi olan Eldar Sabiroğlu işdən çıxdıqdan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi kəskin tənqid etməyə başlayıb. Rüfət Səfərovun təqibi bundan sonraya təsadüf edir.

XS
SM
MD
LG