Accessibility links

Müdafiə Komitəsi Rüfət Səfərova qarşı münasibətdən narahatdır (Yenilənib-2)


“Biz, Rüfət Səfərovla bağlı baş verən son hadisələri onun həyat və sağlamlığı üçün ciddi təhlükə kimi dəyərləndir və bu qisasçılığa son qoyulmasını tələb edirik!” Bu barədə Rüfət Səfərovun hüquqlarını ictimai müdafiə komitəsinin 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqinin cərimə kamerasına (kars) salınması ilə bağlı bəyanatında deyilir.

Müdafiə Komitəsi hesab edir ki, R.Səfərovun cəzaçəkmə müəssisəsində təzyiq və təqiblərə məruz qalması dövlət adına, eləcə də bütövlükdə ədliyyə sisteminə utanc gətirən bir olaydır.

“Bu davranış R.Səfərovun həbsini həyata keçirən, məhbəsdə belə onunla haqq-hesab çəkməyə çalışan qüvvələrin cılızlığından, mənəvi dəyərlərə sahib olmadıqlarından, qanunun aliliyinə zərrə qədər də olsun hörmət etmədiklərindən xəbər verir”, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, R. Səfərovun iki ay ərzində iki dəfə müxtəlif bəhanələrlə karsa salınması, onun iradəsini sındırmaq, mənəvi müqavimətini qırmaq üçün bütün inzibati rıçaqların səfərbər edilməsi ədalətsizlik, həm qanunsuzluqdan xəbər verir.

Müdafiə Komitəsi hesab edir ki, Azərbaycan ictimaiyyəti, beynəlxalq təşkilatlar, xarici dövlətlərin ölkəmizdəki səfirlikləri və diplomatik korpusları Rüfət Səfərova qarşı həyata keçirilən mənəvi terrora biganə qalmayacaq,- ona yönəlik təxribatların qarşısını almaq üçün ciddi və təsirli addımlar atacaqlar.

“Unutmayaq ki, R.Səfərova qarşı olan bu münasibət, mahiyyət etibarı ilə bütövlükdə hər bir demokratik düşüncə sahibinə, hər bir vicdanlı, ləyaqətli vətəndaşa olan münasibətdir. Bu səbəblə də hər birimizin bu məsələyə həssas yanaşmağımıza, baş verənlərlə bağlı mövqe ortaya qoymağımıza ehtiyac var”, sənəddə qeyd edilir.

***

Martın 7-də həbsdə olan Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun vəkili, ailə üzvləri və hüquq müdafiəçiləri onunla görüşə buraxılmayıb. Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.

Vəkil Rüfət Səfərovun 3 gün müddətinə cərimə kamerasına (kars) salındığını deyib. Onun qənaətinə görə, keçmiş müstəntiqə qarşı yeni “təxribat” hazırlanır. “Onu qapalı həbsxanaya göndərmək istəyirlər”, o qeyd edib.

Bayramovun sözlərinə görə, Səfərovun saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Baba Gülməmmədovun bu gün qəbul günü olmasına baxmayarq onları qəbul etməyib.

“Biz nəhayət Penitensiar Xidmətə gəldik. Orada 9 saylı Cəzaçəkmə Müəssisəsinin kuratoru dedi ki, bu məsələni araşdırıb cavab verəcək”, o qeyd edib.

***

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov otaq yoldaşı ilə mübahisə etdiyinə görə 3 günlük cərimə kamerasına (kars) salınıb. Bu barədə Rüfət Səfərovun atası Eldar Sabiroğlu həbsxana növbətçisi Babayevə istinadən bildirib.

“Kapitan Babayevin nəzərinə çatdırdım ki, mübahisənin nədən ibarət olduğunu söyləsin, ancaq o bundan imtina etdi. Təxminən 15-20 gün bundan əvvəl də qəsdən təxribat yaradaraq onu 7 günlüyə karsa göndərmişdilər”, ata qeyd edir.

Sabiroğlu bildirir ki, qısa müddətdə bu, ikinci dəfədir ki, keçmiş müstəntiq Rüfət Səfərovun ətrafında təxribat hazırlayaraq onu cəzalandırırlar.

“Yəqin hansısa yeni bir işlər görmək istəyirlər. Bu dərəcədə qanunsuzluğu və insan taleyi ilə oynamağı təsəvvür edə bilmirəm. Bunlar nə etmək istəyirlər?!

Əgər belə davam edərsə günlərin birində Rüfətin vəziyyəti ilə bağlı daha ağır xəbərləri eşitmək mümkündür. Rüfət öz davranışına nəzarət etməyi bacarır və qaydalara da bir hüquqşünas kimi əməl etməyi çox yaxşı bilir. Oğlumun taleyi ilə bağlı məsələni beynəlxalq təşkilatların nəzarətə götürməsini xahiş edirəm. Görünür Rüfət Səfərovu qapalı cəzaçəkmə müəsissəsinə göndərmyə hazırlıqlar aparılır. İnsaf və vicdan yaxşı bir əlamətdir, bu olmadıqda istənilən təqibi təsəvvürə gətirmək artıq mənim üçün aşkardır”, Sabiroğlu qeyd edir.

Rüfət Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. O bu il yanvarın 19-da da 7 sutkalığa cərimə kamerasına (karser) salınıb.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Səfərov 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum və məhkəmə zalında həbs edilib. Dekabrın 22-də Apellyasiya Məhkəməsi R.Səfərovun barəsində hökmü qüvvədə saxlayıb.

Vəkil Bəhruz Bayramov Facebook səhifəsində Rüfət Səfərovun cərimə kameraslna salınmasına etiraz olaraq onun bu sözlərini yazıb:

“Bu dəmir qəfəs məni heç vaxt sıxa, sındıra bilməz. Çünki seçdiyim yol haqqın yoludur. Ona görə də özümü azad sanıram, həm də çox xoşbəxtəm ki, ruhum qarşısında borclu qalmadım, doğrunu söylədim. İztirablardan, əzablardan qorxmayaq həqiqətləri dedim. Həyatımın sonuna qədər də bu cür qalacağıma əminəm. Ruhum bu gün daha azad, daha xoşbəxtdir. İnsan üçün bundan böyük bəxtəvərlik ola bilməz...”, Rüfrət Səfərova istinadən vəkil qeyd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG