Accessibility links

Müxalifət partiyasının fəalı saxlanıb


Müxalifət partiyasının fəalı saxlanıb

Müxalifət partiyasının fəalı saxlanıb

Fərəc Kərimli Musavat.org saytının adminlərindən biri və fəal bloqçudur

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının üzvü Fərəc Kərimlinin saxlandığını təsdiqləyib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA agentliyinin sorğusuna cavab olaraq bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.

O. Mansurzadə onu da qeyd edib ki, F.Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.

***

Öz növbəsində Müsavat Partiyası öz fəalı Fərəc Kərimlinin həbsini siyasi sifariş hesab edir.

Müsavatçı gənclər təşkilatının fəalı, bloger, musavat.org.az saytının adminstiratoru bu gün naməlum istiqamətə aparılıb.

Müsavat Partiyasının bəyanatında xatırladılır ki, bir neçə gün bundan əvvəl onun siyasi fəaliyyətlə məşğul olmayan böyük qardaşı Sirac Kərimli küçədə saxlanılıb. Guya Siracın cibindən narkotik tapıldığı bildirilib. Onların evində axtarış aparılıb, Fərəc Kərimlinin noutbuku müsadirə edilib.

Sənəddə bu həbslər “Müsavat Partiyasına qarşı, azad düşüncəli gənclərə qarşı, sosial şəbəkələrin fəal iştirakçılarına qarşı - bütövlükdə Azərbaycan demokratik qüvvələrinə qarşı repressiyaların davamı” kimi qiymətləndirilir.

Müsavat Partiyası Sirac və Fərəc Kərimlinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir.

***

İyulun 23-də səhər saatlarında Müsavat Gənclər Təşkilatının üzvü, Musavat.org saytının adminlərindən olan Fərəc Kərimli saxlanılıb.

Müsavat Partiyasının ictimai-siyasi təşkilatlarla iş şöbəsinin rəhbəri Elman Fəttah Amerikanın Səsinə bildirib ki, F.Kərimli anasını xəstəxanaya - Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə apararkən mülki geyimli şəxslər tərəfindən başına torba keçirdilərək naməlum istiqamətə aparılıb. Hazırda harada olması barədə məlumat yoxdur.

O, bildirib ki, Fərəc Kərimliinin ailəsinə qarşı təzyiqlər son vaxtlar artıb. Belə ki, qardaşı Sirac Kərimli həbs olunaraq Cinayət Məcəlləsinin 234-cu maddə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.

“Həbsin səbəblərinə gəldikdə isə birbaşa siyasi sifarişdən doğan həbsdir. O, musavat.org saytının adminlərindəndir. Eyni zamanda sosial şəbəkədə olan “İstefa” qrupunun adminlərindən idi. Hesab edirik ki, ictimai siyasi fəaliyyətinə görə saxlanılıb”, E.Fəttah deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə günün sonunda saxlanma ilə bağlı məlumat verəcəklərini bildirib.

XS
SM
MD
LG