Accessibility links

Leyla və Arif Yunus dövlətə xəyanətdə ittiham olunur [Video]


Leyla Yunus barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb

Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı cinayət işi qaldırılıb.

Amerikanın Səsinin məlumatına görə Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2 -ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir.

Vəkil qeyd edib ki, istintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.

Leyla Yunus isə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.

Vəkillər ittihamı qəbul etmir. "Bu ittihamlar hüquq elminə qarşıdır. Necə olar ki, Leyla xanım həm Azərbaycan iqtidarına qarşı mübarizə aparır, həm də onun əleyhinə casusluq edir. Bu mümkün deyil. Casus hökumətlə mübarizə etməz. Bunun üçün kitab oxumaq lazım deyil, Ştirlis və Zorge haqqında kinofilmlərə baxmaq bəs edir. Casus hökumətlə xoş münasibətdə olub məlumatları alır," vəkil Xalid Bağırov Amerikanın Səsinə bildirib.

Vəkillər qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Arif Yunus Amerikanın Səsinə müsahibəsində bildirib ki, istintaqda 37-ci illərdə repressiyaya məruz qalmış insanların hissini keçirib. Hazırda səhhətində problemlər var.

"Vaxtı ilə akademik Ziya Bünyadovun 37-ci illərin repressiyası ilə bağlı kitabını oxuyurdum. Bu istintaq da həmin illərin istintaqından fərqlənmir", o qeyd edib.

A.Yunus Azərbaycan hökumətini belə sifarişlərdən çəkinməyə çağırıb. "Hər varlığın bir sonu var. Bunu düşünsünlər. İctimaiyyətə isə deyirəm ki, qorxmasınlar, mübarizəni davam etdirsinlər", o xatırladıb.

XS
SM
MD
LG