Accessibility links

Rəsul Cəfərov ittihamları qəbul etmir


Rəsul Cəfərov - hüquq müdafiəçisi

Rəsul Cəfərov - hüquq müdafiəçisi

Vəkil həbs qərarından şikayət veriləcəyini bildirib

Avqustun 4-də vəkil Xalid Bağırov Bakı İstintaq Təcridxanasında avqustun 2-də həbs edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərovla görüşüb.

Vəkil Amerikanın Səsinə bildirib ki, Rəsul Cəfərovun əhval-ruhiyyəsi yaxşıdır. O, irəli sürülmüş ittihamlarda özünü təqsirli bilmir və onları siyasi motivli hesab edir.

Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödənişdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Vəkil də ittihamları əsassız adlandırıb.

"Rəsul Cəfərovun dövlət qeydiyyatına alınmış QHT-si yox idi və o, müxtəlif layihələrdə koordinator kimi iştirak edirdi, bu isə vəzifə deyil. Vəzifəsi olmayan Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə də edə bilməzdi", vəkil qeyd edib.

O, həmçinin “qanunsuz sahibkarlıq” ittihamını da yersiz sayır, belə ki, Cəfərov gəlir əldə etmək məqsədilə kommersiya fəaliyyəti ilə məşğul olmayıb.

Vergilərin ödənilməməsinə gəlincə, istintaq iddia edir ki, Cəfərov 5 illik maliyyə fəaliyyəti ərzində 150 min manat gəlirindən 6 min manatlıq vergini ödəməyib.

Lakin Cəfərov istintaqın tələb etdiyi bütün sənədləri hələ iyulun 31-də təqdim edib və istintaq fiziki olaraq bu sənədləri yoxlaya və vergidən yayınma faktını müəyyən edə bilməzdi.

Vəkil həmçinin Cəfərovun istintaqdan yayınmaq bəhanəsi ilə həbsinin əsassız olduğunu qeyd edib. “Rəsul Cəfərov iyulun 31-də, avqustun 1-də və 2-də səliqəli şəkildə prokurorluğa baş çəkib. İstintaqdan yayınma haqqında necə danışmaq olar?

Müstəntiq həbsi Cəfərovun “xarici təşkilatlarla yaxşı əlaqələri” olması və onun ölkədən gedə bilməsi ilə əsaslandırıb. Amma ölkəni tərk etməsinə qadağa qoyulubsa, o, necə gedə bilər? Müstəntiqin daha bir arqumenti o idi ki, Cəfərov azadlıqda qalarsa, “cinayət əməllərinə davam edə bilər”, Lakin qrant alınması və layihələrin həyata keçirilməsi cinayət fəaliyyəti deyil”, deyən Bağırov əlavə edib ki, həbs qərarından şikayət veriləcək.

XS
SM
MD
LG