Accessibility links

Fevralın 22-də Masallı rayon Məhkəməsi (Bakıdan 263 kilometr cənub) ilahiyyatçı Sərdar Babayev barəsində həbs qəti imkan tədbiri seçib. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Vəkil məhkəmə iclasında iştirak edə bilməyib.

Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittiham irəli sürülüb.

"Masallı rayonundan olan ilahiyyatçı Sərdar Babayevin barəsinde bir ay əvvəl Masallı rayon İcra Hakimiyyətinin başçısı cinayət işi başlanılması üçün şikayət etmişdi. Dəfələrlə onunla birlikdə istintaqda iştirak etmişik. Üç gündür ağır xəstə olduğumdan və bu barədə istintaqı aparan Masallı Rayon Polis Şöbəsinin istintaq şöbəsinə məlumat vermişəm. Buna baxmayaraq bu gün səhər Sərdar Babayev polisə çağırılıb və məhkəmə barəsində həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə ittiham verilib. Bütün bunlar müdafiə hüqüqunun kobud pozulması ilə aparılır. Həmin ittihamın özünün də hüquqi əsası yoxdur", vəkil qeyd edib.

İttiham tərəfi Babayevin xarici ölkədə təhsil aldığı halda Masallı məscidində dini ayin həyata keçirdiyini bildirir.

“Halbuki Sərdar Babayev Azərbaycanda da dini təhsil alıb. İranda isə bu qanun qüvvəyə minməmişdən əvvəl dini təhsil alıb. Qanunun isə geriyə qüvvəsi yoxdur. Bununla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərlərinin əksəriyyəti xarici ölkələrdə təhsil alıb. Onlar da Azərbaycanda dini ayinlər həyata keçirir. Bu baxımdan Cinayət Məcəlləsinin 168-ci maddəsi qüsurludur və Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinə () Fikir, vicdan və din azadlığı) ziddir”, o qeyd edib.

Cavad Cavadov ilahiyyatçının həbsini çox pis insident sayır. “Bu biabırçı həbsdir. Həbsin əsas səbəbini Masallı rayon İcra Hakimiyyətindən soruşmaq lazımdır”, vəkil deyib.

XS
SM
MD
LG