Accessibility links

Avropa Məhkəməsi Əli İnsanovun şikayətini qəbul edib


Keçmiş səhiyyə naziri Əli İnsanov

Avropa İnsan Hüquqları Məhkəməsi həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Qaradağ rayon Məhkəməsinin qərarından şikayətini baxılması üçün qəbul edib. Avropa Məhkəməsi fevralın 8-də şikayətin baxılması üçün qəbul edildiyi barədə Əli İnsanova rəsmi məlumat göndərib. Bu barədə Amerikanın Səsinə vəkil Toğrul Babayev bildirib.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2016-cı il oktyabrın 11-də Bakının Qaradağ rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb.

İnsanov ittihamları onun həbsdən buraxılmaması məqsədilə irəli sürülmüş “saxta ittihamlar” adlandırıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb və Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Məhkəmə prosesləri zamanı İnsanov Azərbaycan hakimiyyətini və şəxsən prezident İlham Əliyevi kəskin şəkildə tənqid edib.

Hüquq müdafiə təşkilatları İnsanovu "siyasi məhbus" kimi tanıyır.

Vəkil Toğrul Babayev bu gün Əli İnsanovun Avropa Məhkəməsinə ikinci şikayəti barədə Amerikanın Səsinə danışarkən deyib ki, sabiq nazirin 11 il qanunsuz həbsindən sonra azadlığa çıxmasına cəmi 9 gün qalmış, 11 oktyabr 2016-cı ildə Qaradağ rayon Məhkəməsi onun azadlığa çıxmasının qarşısını almaq məqsədi ilə qanunsuz və qərəzli həbs qərarı çıxarıb.

“Əli İnsanov törətmədiyi, qurama, yalan ittihamlarla yenidən həbs olunmasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Avropa Məhkəməsi onun şikayətini baxılması üçün qəbul edib”, vəkil qeyd edib.

Toğrul Babayev bildirib ki, 2017-ci il martın 1-də Qaradağ rayon Məhkəməsi prokurorluğun təqdimatı ilə Əli İnsanov barəsində həbs qətimkan tədbirini daha bir ay uzadıb.

XS
SM
MD
LG