Accessibility links

Martın 15-də "Müsəlman Birliyi" Hərəkatının fəalı Elxan İsgəndərovun ələ keçirilməsi üzrə əməliyyat keçirilib. Sosial şəbəkələrdə vətəndaş cəmiyyəti fəalı Zümrüd Yağmurun yaydığı məlumata görə, İsgəndərovu gecə saat 2-də maskalı şəxslər Cəlil Məmmədquluzadə küçəsində evdən aparıblar.

Doğmaları bildiriblər ki, onlar maskalı naməlum şəxslərə qapı açmayıblar. Bundan sonra əməliyyatçılar pəncərələri qırıblar və evə giriblər. İsgəndərovun başına torba keçiriblər və naməlum istiqamətə aparıblar. Doğmaları güman edirlər ki, bu, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olub.

Hüquq mühafizə orqanları fəalın saxlanılması ilə bağlı hər hansı məlumat yaymayıb.

"Müsəlman Birliyi" Hərəkatının fəallarının və tərəfdarlarının həbsləri artıq uzun müddətdir - 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyatdan sonra davam edir. Həmin vaxt təşkilatın lideri Taleh Bağırzadə və bu dini hərəkatın onlarla digər üzvü saxlanılıb.

Ümumilikdə 87 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Onların bir hissəsi uzunmüddətli həbs cəzalarına məhkum olunub.

XS
SM
MD
LG