Accessibility links

Mehman Hüseynova bəraət tələbi ilə imza toplama kampaniyası başlayıb


Mehman Hüseynov

Həbsdə olan bloger Mehman Hüseynova bəraət verilməsi tələbi ilə imza toplanması kampaniyasına başlanıb. Bu barədə Mehman Hüseynovun facebook səhifəsində Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələrinin birgə bəyanatı (https://www.facebook.com/photo.php?fbid=407493722946667&set=a.222730464756328.1073741828.100010581286487&type=3&theater) yerləşdirilib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun həmtəsiscisi Emin Hüseynov bildirib ki, vətəndaş cəmiyyətinin hər bir nümayəndəsi bəyanatı imzalaya bilər.

Son dəfə, M.Hüseynov 2017-ci il yanvarın 9-da saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun işgəncəyə məruz qalması ilə bağlı şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra məhkəmənin qarşısında jurnalistlərə polisdə işgəncələrə məruz qaldığını bildirib. Ancaq Daxili İşlər Nazirliyi blogerin polisdə işgəncəyə məruz qalması ilə bağlı dediklərini inkar edib.

Ardınca da Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında blogeri məhkəməyə verib. Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilib.

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hokmü ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinərək 2 azadlıqdan məhrum edilib.

“Biz Azərbaycan Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq həmkarımız Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, tanınmış jurnalist və bloqer Mehman Hüseynovun siyasi sifariş nəticəsində məhkum olunmasını pisləyir və Azərbaycan hakimiyyətindən onu dərhal azadlığa buraxmağı tələb edirik”, sənəddə qeyd edilir.

2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya yarışması öncəsi “demokratiya üçün oxu” kampaniyasındakı media ilə əlaqələndirici koordinator fəaliyyətinə görə Mehman Hüseynovun barəsində cinayət işi açılıb və ölkədən çıxışına qadağa qoyulub. 2014-cü ilin noyabrında şəxsiyyət vəsiqəsini yeniləyərkən polis tərəfindən növbəti dəfə saxlanılıb, onun adına olan pasport və şəxsiyyət vəsiqəsi götürülüb və indiyədək özünə qaytarılmayıb.

“Beləliklə, son 5 ildə Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulub”, bəyanatda bildirilir.

Sənəddə Mehman Hüseynovun həbsi ilə əlaqədar 30-a yaxın beynəlxalq hüquq müdafiə təşkilatının, Avropa Birliyi, ATƏT və Avropa Şurası rəsmilərinin verdiyi bəyanatlarda təsbit olunmuş narahatlıqlar tam bölüşülür, beynəlxalq ictimaiyyət bu işi diqqətdə saxlamağa və müvafiq addımları daha da gücləndirməyə çağırılır.

Vətəndaş Cəmiyyətinin nümayəndələri bildirir ki, Mehman Hüseyov ifadə azadlığına görə həbsə atılan tək adam deyil. Onunla yanaşı bu gün Azərbaycan həbsxanalarında çoxlu sayda jurnalist, bloqer və ictimai-siyasi fəallar saxta ittihamlarla azadlıqdan məhrum olunub.

“Biz Vətəndaş Cəmiyyəti fəalları olaraq Mehman Hüseynovun həbsi ilə əlaqədar msrtın 29-da keçiriləcək apelyasiya məhkəməsində ədalətli qərarın çıxarılmasına, Mehmana tam bəraət verilməsinə və ona qarşı işgəncə tətbiq etmiş polislərin cəzalandırılmasına çağırırıq. Biz həmçinin Azərbaycanın icra və qanunverici hakimiyyətinin yüksək çinli məmurlarını tənqidə dözümlü olmağa və ölkədə fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırırıq”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG