Accessibility links

Helsinki Komissiyası YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski ilə bağlı dinləmə keçirib


Helsinki Komissiyası YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski ilə bağlı dinləmə keçirib
Helsinki Komissiyası YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski ilə bağlı dinləmə keçirib

Tədbir ABŞ Senatının “siyasi motivlərə əsaslanan və qanunla heç bir bağlılığı olmayan” dediyi prosesə diqqətlərin cəlb edilməsi səylərinin bir hissəsi idi

ATƏT-in Helsinki Komissiyası YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski ilə bağlı dinləmə keçirib. Tədbir ABŞ Senatının “siyasi motivlərə əsaslanan və qanunla heç bir bağlılığı olmayan” dediyi prosesə diqqətlərin cəlb edilməsi səylərinin bir hissəsi idi.

2005-ci ildə həbs edilən Mixail Xodorkovski və Platon Lebedev 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlara qarşı 25 milyard dollarlıq neftin mənimsənilməsi və 21 milyard dolların çirkli pul kimi yuyulması ittihamı irəli sürülüb. Helsinki Komissiyasının sədri, senator Bencamin Kardin Xodorkovskinin işini Rusiyada insan haqlarının durumu ilə birbaşa əlaqəsi olduğunu deyib.

“Bu iş artıq uzun zamandır davam edir və bu, Rusiya hökumətinin dəyişkən siyasi əhval-ruhiyyəsinin göstəricidir. Moskva meri Lujkovun istefası azad bazar və qanunların siyasi oyunların girovuna çevrildiyini bir daha sübut edir ”-deyə senator Kardin bildirib.

Bu fikirlə Konqres dinləmələrində iştirak edən vəkil Vadim Kluvqant da razıdır. Xodorkovskinin vəkili istintaq metodlarının qanun və şəffaflıqdan uzaq olduğunu deyib. “Saxta ittihamlar saxtalaşdırılmış və təhrif edilmiş dəlillərlə sübuta yetirilir.Sübutlar təhdid, şantaj, işgəncə, vəkillər və mühasiblərə təzyiqlər əsasında əldə edilir.”

Vadim Kluyqant bildirib ki, görmə, eşitmə qabiliyyətləri və vicdanını itirməyənlər prosesin nə dərəcədə saxta olduğunu görür.

“Təsəvvür edin ki, şirkətə qarşı son 6 il ərzində bütün istehsalatın oğurlandığı ittiham irəli sürülüb. Bir halda ki, şirkət yaşayır, istehsal davam edir, investisiyalar qoyur, maaşlar ödəyir və Rusiyada vergi ödəyən ən nümunəvi şirkət hesab edilir. Bundan sonra şirkətin borclarına görə iflası elan edilir və satışdan 30 milyard dollarlıq vəsait əldə edilir. Buna inanmaq mümkündürmü?Şirkətin yeganə mənbəyi itirilir. Bundan əvvəl Xodorkovskiyə qarşı irəli sürülən digər bir ittham şirkətin vergi ödəməməsi idi. YUKOS-un iflası məhz vergilərə görə elan edilmişdi. Belə olan halda bu ittiham həqiqi ola bilərmi? Bunların hər ikisi də yalandır. Amma heç olmasa biri üzərində iddia edilsin. Bu saxtalaşdırma şizofreniya səviyyəsinə çatıb. Rusiya rəsmilərinin bir hissəsi YUKOS-un gəlir əldə edib, vergi ödəmədiyini, digərləri isə Xodorkovskinin şirkətin mülkiyyətini oğurladığı üçün heç nə istehsal etmədiyini irəli sürür.” Xodorkovskinin vəkili Vadim Klyuvqant dünya ictimaiyyəti, xüsusilə də ABŞ-ı bu prosesə diqqət yetirilməsinə çağırıb. Belə ki, o, bunun Rusiyanın daxili işi olmadığını deyib. Vəkil bildirib ki, Xodorkoskinin işi sadəcə bir insanın hekayəti deyil. Bu, daha geniş bir problemdir. “Rusiya ilə tərəfdaşlıq etmək istəyən ölkələr orada insan hüquqlarının müdafiə edildiyindən, insanların korrupsiyadan qorunduğundan əmin olmalıdır. Beynəlxalq partnyorlara ehtiyacı olan Rusiya isə öz növbəsində qanunları işə salmalıdır.”

XS
SM
MD
LG