Accessibility links

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir (Video)


Hərbi Paradda 5 mindən çox şəxsi heyət cəlb edilir. Müasir raket kompleksləri, tanklar, milli sənayenin istehsalı olan qurğular və silahlar nümayiş etdirlib

Iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.

Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə Bakıda hərbi parad keçirilib.

26 iyun Silahlı Qüvvələr Günü Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə tətbiq edilib və qeyri-iş günü elan olunub.

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikasının qərarı ilə nizami ordu hissəsi – ayrıca Azərbaycan korpusu yaradılıb. Bu qərar Silahlı Qüvvələrin yaradılması üçün hüquqi zəmin olub.

1998-ci ilədək Azərbaycanda Silahlı Qüvvələr günü oktyabrın 9-da qeyd olunurdu. 1991-ci ilin bu günündə Azərbaycan Ali Şurası Milli Özünümüdafiə Qüvvələrinin yaradılması haqqında qərar qəbul edib.

2009-ci ildə milli ordunun yaradılmasının 90-cı ildönümü münasibəti ilə “Azadlıq” meydanında ölkə tarixində ən böyük hərbi parad keçirilib. Paradda 4510-a yaxın hərbiçi iştirak edib, onlarla müxtəlif tipli hərbi texnika nümunəsi nümayiş etdirilib. Azərbaycan HHQ təyyarələri ali pilotaj elementləri nümayiş etdiriblər.

“Bu gün Azərbaycan ordusu qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən gəlməyə, o cümlədən ölkənin ərazi bütövlüyünün bərpasına qadirdir”. Bunu prezident İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayır.

"Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb və hər an bizim ordumuz hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin".

O, diqqəti ölkənin müdafiə potensialının möhkəmləndirilməsi üzrə tədbirlərə yönəldib.

“Burada nümayiş etdirilənlər texnikanın sadəcə olaraq çox cüzi bir hissəsidir. Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləyib. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyard, bu il isə 3,7 milyard dollara çatıb. Bu, özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur və bu da təbiidir. Biz son illər ərzində ən müasir texnikanı almışıq”, - dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanla dinc danışıqlar nətiicə vermədiyi halda, əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac var.

Dövlət başçısı qeyd edib ki, nəinki Dağlıq Qarabağ, bugünki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb.

“İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi diyarımızdır. İkinci erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcək.

Biz çalışacağıq ki, məsələ tezliklə öz həllini tapsın. Məsələnin həlli əlbəttə ki, siyasi yollardan keçir. Danışıqlar prosesi hələ ki, davam edir. Ancaq güclü ordumuz, güclü potensialımız bizim mövqeyimizi möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulub. Çünki bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi qalacaqdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normaları tərəfindən dəstəklənir".

Prezident bildirib ki, bu amillər tarixi amillərdir.

"Beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi, hərbi gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, ədalətli həll edilməsində öz sözünü deyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Silahlı Qüvvələr Günü münasibətilə “Azadlıq” meydanında 5 mindən çox şəxsi heyətin iştirakı ilə hərbi parad keçirilib. Paradda bütün növ texnika və qoşun nümayiş etdirilib.

İlk dəfə olaraq paradda son dövrdə ordunun sərəncamına daxil olan yeni silah və hərbi texnika sistemi nümayiş etdirilib: T-90S tankı, “Tor” 9K330 zenit-raket kompleksləri, 2S19 “Msta-S” özüyeriyən qaubitsa, TR-300 raket sistemi, TOC 1 yaylım atəşli reaktiv sistem, həmçinin “Pion”, “Qvozdika” və digər artilleriya sistemləri çıxarılıb.

Bundan əlavə, ilk dəfə olaraq paradda Mi-35M hərbi vertolyotları nümayiş etdirilib.

Parada yerli istehsallı hərbi texnika da çıxarılıb: xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş “Gürzə” və “Kobra” zirehli patrul maşınları. Bundan əlavə, “Maral” və “Maral-1” zirehli maşınlar, “Qaranquş” və “Şahin” pilotsuz uçan aparatlar, 82 mm. kalibrli özüyeriyən minomyotlar nümayiş etdirilib.

Həmçinin parada “Toçka U” raket sistemi, “C-300” kompleksləri çıxarılıb.

Səmada uçuşları Azərbaycan Hərbi Hava Qqvvələrinion MİQ 29 və SU-25 təyyarələri həyata keçiriblər, Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinin gəmiləri üzüb.

Show comments

XS
SM
MD
LG