Accessibility links

Yavər Camalov: Azərbaycanın hərbi-sənaye kompleksi silah ixracına hazırdır


Yavər Camalov

Yavər Camalov

Azərbaycanın hərbi-sənaye kompleksi milli ordunun silahla təmin edilməsilə bağlı qarşıya qoyulan vəzifələri yerinə yetirir və bir sıra silah növlərini ixrac etməyə hazırdır. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov iyulun 10-da Nazirlər Kabinetinin iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, bu ilin aprelində olan döyüşlərdə yerli istehsal silah və sursatlardan - tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK74M tipli avtomat silahlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından istifadə edilib. Eyni zamanda, qarşı tərəfin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Hazırda 7 müəssisədə:

- 40x46 mm.-lik “Revolver” tipli qumbaraatanın istehsalı;

- 40x46 mm.-lik lüləaltı və “Revolver” tipli qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı;

- RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı;

- M-6 və M-12 tipli mina partladıcılarının istehsalı;

- 23, 30 və 40 mm.-lik avtomatik topların və qumbaraatanların döyüş sursatları üçün müxtəlif növ partladıcıların istehsalı;

- 100, 122, 130, 152, eləcə də NATO standartlarına uyğun 155 mm.-lik artilleriya və 125 mm.-lik tank topları üçün mərmilərin və onların gilizlərinin istehsalı;

- 5,45 mm.-dən 30 mm. də daxil olmaqla atıcı silahlar və kiçikçaplı avtomatik toplar üçün lülələrin istehsalı üzrə işlər başa çatmaqdadır.

Bununla bərabər tikintisi davam edən keçid layihələri üzrə:

- müxtəlif növ barıtlar və partlayıcı maddələr – piroksilin və ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların tikintisi;

- artilleriya və tank toplarının başlıq partladıcıları üçün tikinti-quraşdırma işləri;

- 60, 82 və 120 mm-lik minaatanlar üçün döyüş sursatlarının hazırlanması ilə bağlı barıt atımlarının istehsalı sahələrinin də tikintisi üzrə işlər davam etdirilir.

2016-cı ilin birinci yarısında 192,2 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası həyata keçirilib.

Xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılıb və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda müxtəlif növ təlim və döyüş aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin, həmçinin orta və uzaq mənzilli raket sistemlərinin yaradılması üzrə işlər davam etdirilir.

“Tufan” milli zirehli nəqliyyat vasitəsinin – 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur.

“İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb Bakıda keçiriləcək ADEX-2016 sərgisində nümayiş etdiriləcək və 2017-ci ildən artıq seriya ilə istehsalına başlanılacaq.

Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrin ixtiyarına veriləcək.

Nazirin sözlərinə görə, müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb. İxrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatlarını, müasir atıcı silahları, snayper tüfəngləri, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar. Nazirlik Amerikanın, Avropanın, Asiyanın və Afrikanın bir sıra dövlətləri ilə sıx əməkdaşlıq edir. Bağlanılan müqavilələrin dəyəri 106 milyon ABŞ dolları təşkil edir.

“Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilib və yaxın vaxtlarda milli ordunun sərəncamına göndəriləcək. Bu aparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla yanaşı, onları istənilən an məhv etmək iqtidarındadır.

XS
SM
MD
LG