Accessibility links

Sentyabrın 27-də Bakıda ikinci beynəlxalq “ADEX-2016” müdafiə sərgisi açılıb. Sərgi sentyabrın 30-dək davam edəcək.

Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, bu gün öz işinə başlayan “ADEX-2016” Beynəlxalq müdafiə sərgisində dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkət və rəsmi heyət iştirak edir.

“Sərgidə çoxlu sayda ölkələrin, şirkət və özəl qurumlarının iştirak etməsi onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanmışdır. Hazırda dünyanın 45 ölkəsinin hərbi sənaye kompleksinin və digər aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq yaratmağa nail olunmuşdur”, o qeyd edib.

Nazirin sözlərinə görə, 2014-cü il sərgisində 168 adda məmulat nümayiş etdirildiyi halda, bu gün sərgilənən məmulatların sayı 260-dır. Qısa müddətdə 100-ə yaxın məmulatın istehsalı mənimsənilib.

“ADEX-2016” sərgisində ilk dəfə nümayiş etdirilən məmulatlar sırasında mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantlarını, yeni növ atıcı silahları, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşınını, döyüş sursatları və onların partladıcı başlıqlarını göstərmək olar. Hazırda 125 məmulatın yaradılması üzrə təcrübi konstruktor işləri uğurla davam etdirilir”, Camalov deyib.

Ən böyük ekspozisiya isə Rusiyaya məxsusdur. Hərbi Sənaye Kompleksi müəssisələri onlarla silah və texnika növünü təqdim edib.

Sərgiyə “Tiqr” zirehli maşını, Be-200 patrul amfibiya-təyyarəsi, “Top-M2KM” zenit raket kompleksi, “Molniya” raket kater layihəsi, “Metis-M1” tank əleyhinə sistem, “Krasnopol-M2” artilleriya kompleksi, “Qran” minaatanı və s. çıxarılıb.

“Rusyia vertolyotları” holdinqi də Mi-38 və Ka-52 “Alliqator”u təqdim edir.

İsrail, Pakistan, Belarus, Ukrayna və başqa ölkələr müxtəlif hərbi məhsulları təqdim edir.

XS
SM
MD
LG