Accessibility links


İranın yeni prezidenti, mötədil müsəlman din xadimi Həsən Ruhani ölkənin ali dini lideri Ayətullah Əli Xamneyi tərəfindən rəsmən yeni vəzifədə təsdiq edildikdən sonra bazar günü parlament qarşısında and içib. Cənab Ruhani qarşıdurmanın azaldılması məqsədilə Qərblə dialoqa çağırıb.

İranın yeni prezidenti ilk dəfə olaraq regional liderlər də daxil olmaqla, yüksək səviyyəli xarici nümayəndələrin qatıldığı təntənəli mərasimdə konstitusiyaya sadiq qalacağına və İslam Respublikasının rəsmi dinini müdafiə edəcəyinə söz verib.

Cənab Ruhani həmçinin korrupsiyaya və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə aparağına söz verərək, İran xalqının islahat, dəyişiklik və tərəqqi tələbi ilə səs verdiyini deyib.

64 yaşlı Həsən Ruhani qarşısında ölkənin tənəzzülə uğramış iqtisadiyyatının dirçəldilməsi və mübahisəli nüvə proqramına görə xaricdə İranla bağlı mənfi imicin yaxşılaşdırılması kimi çətin sınaqlar durur.

Cənab Ruhani iyun ayında keçirilmiş prezident seçkisində öz rəqibləri üzərində asanlıqla qələbə çalıb. O, nüvə proqramına görə İran iqtisadiyyatını hədəf almış sanksiyaların təsirini yüngülləşdirmək məqsədilə daha az qarşıdurma yaradacaq siyasət yürüdəcəyinə söz verib.

İranın yeni prezidentinin bazar günü kabinet üzvlərinin adlarını açıqlayacağı gözlənilir. Cənab Ruhani yeni kabinet üzvlərinin ölkənin müxtəlif siyasi qüvvələrini təmsil edəcəyini deyib.
XS
SM
MD
LG