Accessibility links

Vəkillər hüquq müdafiəçisinə bəraət istəyib


Həsən Hüseynli və vəkil Elçin Sadıqov (Foto Elçin Sadıqovun Facebook səhifəsindən götürülüb)

Həsən Hüseynli və vəkil Elçin Sadıqov (Foto Elçin Sadıqovun Facebook səhifəsindən götürülüb)

Prokuror Gəncədə fəaliyyət göstərən “İntellektual Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə 7 il həbs istəyib

Gəncənin Nizami rayon Məhkəməsində xuliqanlıqda və qanunsuz olaraq soyuq silah saxlamaqda ittiham edilən “İntellektual Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi üzrə proses davam edib.

İstintaqın məlumatına görə, Hüseynli martın 31-də Gəncə sakini Arzu Qəhrəmanova bıçaq yarası vurub. Lakin əslində naməlum şəxs küçədə Hüseynliyə yaxınlaşıb və onu təhqir edərək, davaya təhrik edib. Hüseynli bunun təxribat olduğunu başa düşüb və cavab vermədən, dərhal jurnalistləri çağırıb və baş verənlər haqqında danışıb.

İyulun 4-də prokuror məhkəmədən Hüseynlini 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməsini istəyib.

Bu gün vəkillər Elçin Sadıqov və Əlaif Həsənov son sözlə çıxış edib. Onlar Hüseynliyə bəraət verilməsini xahiş ediblər.

Vəkil Əlaif Həsənov Amerikanın Səsinə bildirib ki, qanunsuz olaraq silah saxlamaq ittihamı elan edilməyib və ittiham aktında sadəcə ona istinad var. İşdə cinayət aləti haqqında açıq məlumat yoxdur və ən əsası, cinayətin törədilməsi barədə heç bir dəlil yoxdur.

4 şahiddən ikisi polis əməkdaşıdır. Üçüncü şahid – Aygün Oqtayqızı ifadə verməkdən imtina edib. Digər şahid – Cəmilə Gülməmmədova isə iddia edib ki, o, sadəcə baş verənlər haqqında DİN-in “102” xidmətinə xəbər verib.

“Bizdə olan məlumata görə, polis çox vaxt bir sıra cinayət işləri üzrə bu şahidlərdən istifadə edir. Nizami və Kəpəz rayon məhkəmələri, habelə Gəncə Ağır Cinayətlər Məhkəməsi bizim bu barədə suallarımıza cavab verməkdən imtina edib. Hüseynlinin işinə baxan hakim də bu barədə məlumat istənilməsi haqqında vəsatəti təmin etməyib”, vəkil bildirib.

Vəkil son sözə hazırlaşmaq üçün bir həftə vaxt istəyib. Laki hakim ona cəmi 2 saat vaxt verərək, çıxışı saat 16.00-a təyin edib. Amma sonradan məhkəmə iclası iyulun 14-nə keçirilib.

“Hakimin prosesi tələsik yekunlaşdırması bu işin siyasi xarakterli olduğunu təsdiq edir”, deyə vəkil bildirib.

Hüquq müdafiəçilərinin iddiasına görə Hüseynlinin təqib edilməsinin əsl səbəbi yerli gənclər arasındakı böyük nüfuzu və onlara təsiridir.

“İntellektual Vətəndaş” Maarifləndirmə Mərkəzi QHT (İCEC) 2004-cü ildə təsis edilib. Təşkilat 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib.

QHT-nin əsas missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarının yayılmasıdır. O bu məqsədlə vətəndaş cəmiyyəti haqqında maarifləndirici layihələr həyata keçirir. layihələrin əsas hədəf qrupu gənclərdir.

XS
SM
MD
LG