Accessibility links

Təranə Hüseynli: Bunu Allah götürməz… [Audio-Müsahibə]


Həsən Hüseynli və vəkil Elçin Sadıqov (Foto Elçin Sadıqovun Facebook səhifəsindən götürülüb)

Həsən Hüseynli və vəkil Elçin Sadıqov (Foto Elçin Sadıqovun Facebook səhifəsindən götürülüb)

Bu gün 6 il həbsə məhkum edilən Həsən Hüseynlinin həyat yoldaşının Amerikanın Səsinə müsahibəsi

“Həsən Hüseynlinin həbsi ağlasığmaz haqsızlıqdır. Həsən müəllim Gəncənin Zeynalabdin Tağıyevi, Roma papası idi. O gənclərə təhsil verən, yol, istiqamət göstərən insandır”. Bu barədə bu gün məhkəmənin hökmü ilə 6 il həbsə məhkum edilən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin həyat yoldaşı Təranə Hüseynli Amerikanın Səsinə müsahibəsində bildirib.

Iyulun 14-də Gəncənin Nizami rayon Məhkəməsində xuliqanlıqda və qanunsuz soyuq silah saxlamaqda ittiham edilən “İntellektual Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli barəsində ümumilikdə 6 il olmaqla ( 5 il 11 ay 28 gün) həbs hökmü çıxarılıb.

T.Hüseynli həyat yoldaşının həbsinin motivlərindən danışarkən deyib ki, yoldan keçən kim isə Həsən Hüseynliyə şər atıb. “Biz düşünürdük ki, həmin şəxs bəlkə psixi xəstədir. Çünki məhkəmədə nə bıçaq, nə bıçaq dəymiş paltar, nə də həmin adamın dediyi bıçaq yarası ortaya çıxmadı. Biz dövlətimizə, məhkəmə sisteminə çox arxayın idik. Hesab edirdik ki, məhkəmə istintaqı həqiqəti müəyyən edəcək. Amma, bu baş vermədi. Məhkəmə şər atanın dediyi yerdə baş verənlərlə bağlı kameralardakı videoyazını belə tələb etmədi”, o qeyd edib.

O prokurorluğa, prezidentə, onun həyat yoldaşına müraciət edib. “Ancaq bir nəticəyə nail ola bimədik”.

T.Hüseynli həyat yoldaşının sırf maarifçilik işi ilə məşğul olduğunu bildirib. “O gəncləri təhsilə yönəldir, xaricdə təhsil almalarına kömək edirdi. Dövlətin təhlükəsizlik orqanları var, araşdırma apara bilərlər. Məhkəmədə hakimə də dedim, gəlsinlər bizim yaşayış şəraitimizlə tanış olsunlar. Həsən müəllim sırf xeyriyyəçiliklə məşğul olurdu. Onun Bakıda yüksək vəzifələrdə xalqımıza xidmət edən çoxsaylı şagirdləri var. Gəncə şəhər İcra Hakimiyyəti başçısının iki müavinin təhsilinə Həsən müəllimi kömək edib. Həsən müəllim küçədə kriminal uşaqları təhsilə yönəldirdi”.

Onun fikrincə, Həsən Hüseynli həm də dindardır. “Bu adam oruc tutan, allaha yaxın olan insandır. Bu haqsızlığı allah götürməz. Allahdan başqa bizim köməyimiz yoxdur”.

T.Hüsynli bildirib ki, hakim hökmü oxuyarkən vicdan əzabı çəkirmiş. “Hakim ürək ağrısı ilə danışırdı. Mən hiss edirdim ki, o vicdan əzabı çəkir”.

Məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcək.

XS
SM
MD
LG