Accessibility links

Həsən Ruhani: Hamı yeni hökumətə dəstək verməlidir


İran prezidenti Həsən Ruhani

İran prezidenti Həsən Ruhani

“Ədalətə qovuşmağın ən mühüm şərtlərindən biri istiqaməti düzgün seçib irəliləməkdir”

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani bir qrup islahatçı ilə görüşüb. “Media forum” saytının məlumatına görə, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun strateji araşdırmalar mərkəzində keçirilən görüşə islahat tərəfdarı olan Əhməd Məscid Camei, Məhəmmədəli Nəcəfi, Məsumə Ebtekar, Qulamhüseyn Kərbasçı, Məhəmmədrza Xatəmi, Möhsün Rəhami, Məsud Ədib, Həmidrza Cəlayipur və Hadi Xaniki qatılıb.

Seçkidə qələbə qazanması üçün göstərdikləri qayğı və dəstəyə görə keçmiş prezidentlər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmiyə minnətdarlığını bildirən Həsən Ruhani deyib ki, hamı mənsub olduğu siyasi cərəyana baxmayaraq yeni hökumətə dəstək verməlidir: “Həm islahatçılar, həm də mötədil mühafizəkarlar (üsulçular) qurulacaq yeni hökuməti özününkü bilməli, ona yardım göstərməlidir.

Hesab edirəm ki, cəmiyyətə mötədilliyin nə olduğunu izah edərkən hər hansı ifratçı təfsirdən çəkinmək lazımdır. Nəzərə almaq lazımdır ki, ədalətə qovuşmağın ən mühüm şərtlərindən biri istiqaməti düzgün seçib irəliləməkdir. Əlbəttə, hədəf də mühümdür. Lakin istiqamət düzgün seçilməli, hər şey ictimaiyyətə şəffaf şəkildə açıqlanmalıdır”.
XS
SM
MD
LG