Accessibility links

Həsən Ruhani hökumətin qida qıtlığının aradan qaldırılması üçün ciddi tədbirlər görüdüyünü deyib

İran prezidenti Həsən Ruhani noyabrın 26-da dövlət televiziyasına müsahibəsində hökumətinin 100 günlük hesabatını verib.

“Media forum” saytının məlumatına görə, Ruhani deyib ki, hökumət əmtəə və qida maddələrində qıtlığı aradan qaldırmaq üçün ciddi tədbirlər görüb: “Əhmədinejad hökumətinin bir neçə sabiq rəsmisindən eşitdiyimə görə, ölkə əyalətlərinin birindəki buğda anbarında cəmi üç günlüyə ehtiyat buğda olub. Biz hökuməti təhvil alarkən ölkə iqtisadiyyatında kəskin inflyasiya vardı. Qısa müddətdə əvvəlki hökumətdə 43 faizə qalxmış inflyasiyanı 36 faizə endirə bilmişik.

Həmçinin ötən hökumətin hazırlayıb təqdim etdiyi büdcə layihəsi reallıqdan çox-çox uzaq olduğuna görə biz onu yenidən parlamentə göndərmək məcburiyyətində qalmışıq. Ölkənin 9-cu və 10-cu hökumətləri (Əhmədinejad hökuməti) İran tarixinin ən varlı hökuməti olub. Əhmədinejadın 8 illik hökuməti dövründə ölkə 750 milyard dollar gəlir əldə edib. Bunun təkcə 600 milyard dolları neft satışından gəlib. Lakin həmin hökumət fəaliyyətinin sonunda həm də İran tarixinin ən borclu hökumətinə çevrilib.

Hökumətimiz bu qısa zamanda kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər həyata keçirməyə başlayıb, dava-dərman qıtlığını qismən də olsa aradan qaldırıb. Təəssüflər olsun ki, Əhmədinejad hökumətinin səriştəsizliyi ölkə iqtisadiyyatına sanksiyalardan daha mənfi təsir göstərib. Həmin səriştəsizlik ucbatındandır ki, Əhmədinejad hökuməti iranlılar üçün yox, daha çox çinlilərlə koreyalılar üçün iş yerləri açıb. Keçmiş hökumətin digər səriştəsizliklərindən biri də odur ki, Əhmədinejad bir tərəfdən BMT qətnamələrini kağız parçası adlandırdığı halda digər tərəfdən də idxalı gücləndirərək ölkənin xaricilərdən asılılığını daha da şiddətləndirdi”.

Ruhani siyasi məhbusların azadlığa buraxılacağı, insan hüquqlarına riayət olunacağı, eləcə də milli və dini azlıqların hüquqları ilə bağlı verdiyi vədlərə toxunmayıb.
XS
SM
MD
LG