Accessibility links

Həftə sonu Sincandakı qarşıdurmalarda 20-ə qədər adam ölüb

  • Amerikanın səsi

Həftə sonu Sincandakı qarşıdurmalarda 20-ə qədər adam ölüb

Həftə sonu Sincandakı qarşıdurmalarda 20-ə qədər adam ölüb

Çin rəsmiləri bildiriblər ki, uyğurların yaşadığı Sincan əyalətindəki son iki hücum azı 19 adamın ölümünə, 40-dan çox adamın yaralanmasına səbəb olub. Ölənlərdən beşi hücumçulardandır. Rəsmilər keçən şənbə axşamı və bazar günü günorta Qaşqar şəhərində baş verən hər iki hadisəni terror hücumu adlandırıb və bazar günü baş verən hücuma görə Pakistanda təlim görmüş müsəlman ekstremistləri günahlandırıb.

Çin dövlət mediası bildirir ki, Sincandakı zorakılıq Qaşğarın küçələrində iki bomba partlayışından sonra alovlanıb. Qaşqar şəhərinin rəsmilərinin bazar ertəsi günü açıqladıqları məlumata görə, onların təbirincə desək, “silahlı terrorçular” bazar günü şəhər restoranına hücum edib, restoranın sahibini öldürüb, daha sonra binaya od vurublar. Məlumata görə, hücumçular küçədə qarşılarına çıxanları bıçaqlamağa başlayıblar. Qaşqar şəhər polisinin məlumatına görə, kənardan durub hadisələri müşahidə edən səkkiz nəfər zorakılıqla öldürülüb, biri isə həbs olunub. Küçə toqquşmalarında bir nəfər hücumçu ölüb.

Qaşqar şəhər polisi həbsdən qaçmış iki hücumçunun həbsi ilə bağlı göstəriş verib və onların yenidən həbsinə xidmət edəcək hansısa informasiya üçün 15 min dollar vəd edib. Axtarışda olanların hər ikisi də uyğurdur.

Rəsmilərin iddiasına görə, saxlanılanlar etiraf ediblər ki, qrup liderlərindən ən azı biri Pakistanda Şərqi Türküstan İslam Hərəkatının düşərgəsində partlayıcı və odlu silahlar düzəldilməsi ilə bağlı təlim keçiblər.

Fəaliyyəti qadağan olunmuş Şərqi Türküstan İslam Hərəkatı Sincan əyalətinin müstəqilliyi uğrunda mübarizə aparır. Bu əyalətdə yaşayan uyğurlar Çin hökumətinin idarəçiliyindən narazıdır.

Hadisə ilə bağlı Qaşqar şəhər rəhbərliyindən şərh almaq mümkün olmayıb.

Dünya Uyğur Konqresinin sözçüsü Dilşat Raşit bildirib ki, uyğurların dinc nümayişlər keçirib öz haqlarını tələb etmək imkanları yoxdur və rəsmi Pekin regionda baş verənlərə görə öz məsuliyyətini anlamalıdır.

Raşitin sözlərinə görə, Qaşqarda yaşayanlara evlərindən çıxmaq qadağan olunub və rəsmilər yüzdən artıq adamı saxlayıblar.

Təqribən bir həftə əvvəl Sincan əyalətində daha bir hücum baş vermişdi. 14 nəfərlik bir qrup Qaşqarda polis şöbəsinə hücum etmiş və 18 nəfər öldürülmüşdü. Ölənlərdən 14-ü hücumçular idi.

Raşit bildirib ki, Çin hökuməti nümayişçilərə qarşı repressiv metodlarından istifadə edir və məsuliyyətdən boyun qaçıqmaq üçün hər bir etiraz aksiyasının terrorçularla bağlayır.

Çin hökuməti isə Dünya Uyğur Konqresinin ittihamlarını rədd edir və qrupu Urumçidə 2009-cu ildə 200 nəfərin həlak olduğu üsyanı təşkil etməkdə günahlandırır. İddiaya görə, Urumçu hadisələrində ölənlərin əksəriyyəti Sincan əyalətində yaşayan han çinləridir.

XS
SM
MD
LG