Accessibility links

Hikmət Hacızadə: "Azərbaycanda psevdo-demokratiya mövcuddur!"


Hikmət Hacızadə: "Azərbaycanda psevdo-demokratiya mövcuddur!"
Hikmət Hacızadə: "Azərbaycanda psevdo-demokratiya mövcuddur!"

Yanvarın 25-də Reagan-Fascell təqaüdçüsü Hikmət Hacızadə Vaşinqtonda Milli Demokratiya Fondunun sponsorluğu ilə keçirilən “Psevdo-Demokratiyalarla Nə Etməli: Azərbaycan Nümunəsi” başlıqlı forumda məruzə ilə çıxış etdi. Yüzdən çox ekspertin, hökumət və QHT nümayəndələrinin qatıldığı tədbirdə cənab Hacızadə dünyada güclənən demokratiya dalğası, bu dalğanın Azərbaycana təsirləri və azəri demokratların mübarizəsindən danışdı. Cənab Hacızadənin çıxışını şərh edən George Washington Universitetinin professoru Sharon Wolchik Birləşmiş Ştatlarda Azərbaycan kimi ölkələrdə demokratiya ilə bağlı gözləntilərə aydınlıq gətirdi və Qərb dövlətlərini avtoritar rejimlərə daha çox təzyiq göstərməyə çağırdı.

Azərbaycanda demokratik düşüncəni təşviq edən FAR mərkəzinin sədri Hikmət Hacızadə nitqinə dünyada demokratiyanın durumu haqda qısa səciyyələndirmə ilə başladı. Onun sözlərinə görə ötən onilliklərdə demokratik dövlətlərin sayının artması göstərir ki, görkəmli politoloq Francis Fukuyamanın dediyi kimi, demokratiya tarixin sonuncu mərhələsidir və əvvəl-axır bütün millətlər demokratik idarəçiliyə qovuşacaqlar. O, demokratiyanın xaricdən gətirilməsini inkar edən arqumenti rədd edərək tarix boyunca əksər yerlərdə demokratiyanın məhz xarici təsirlər nəticəsində meydana çıxdığını söylədi və buna nümunə olaraq Almaniyanı, Yaponiyanı və Şərqi Avropanı göstərdi. Ərəb Baharına toxunan cənab Hacızadə avtoritar rejimlərin getdikcə azlıqda qaldığını, demokratik blokun gücləndiyini və özünü-idarəçilik prinsipinin yeganə legitim idarəçilik prinsipi kimi qəbul edildiyini önə çəkdi.

Azərbaycana gəldikdə, natiq bu ölkənin hələ də keçmiş Sovet prinsipləri ilə idarə olunduğunu vurğuladı. Azərbaycanda çox sayda siyasi və dindar fəal məhbusun olduğunu qeyd edən cənab Hacızadə İlham Əliyev hökumətinin hər vəchlə beynəlxalq müstəvidə Azərbaycanı normal demokratik ölkə kimi tanıtmağa çalışdığını söylədi. İnsanların siyasi fəaliyyətinə görə ciddi təqiblərə məruz qaldığını, ölkədə yalnız bir müstəqil qəzetin (Azadlıq), və bir müstəqil informasiya agentliyinin (TURAN) fəaliyyət göstərdiyini deyən politoloq Azərbaycanda əslində psevdo-demokratiya – yəni, yalançı demokratiya – mövcud olduğunu dedi. Cənab Hacızadə bildirdi ki, hər il Azərbaycanda parlament, seçki komissiyası, ombudsman və başqa qondarma xarakter daşıyan təsisatların saxlanmasına 43.4 milyon dollar pul sərf olunur. Halbuki, bu təsisatlar heç bir demokratik funksiya yerinə yetirmir və sadəcə hakimiyyətdə oturan şəxslərin mövqeyini əks etdirir.

Xarici yardımın demokratiyanın inkişafındakı rolunu önə çəkən cənab Hacızadə Qərb dövlətlərini Azərbaycandakı ağır şəraitdə mübarizə aparan demokratiya fəallarına dəstək verməyə çağırdı. Xaricdən ayrılan pulların böyük əksəriyyətinin mənasız layihələrə xərcləndiyini vurğulayan natiq ölkədə real siyasi dəyişiklik həyata keçirmək istəyən qüvvələrin – müxalifət partiyalarının, gənclər təşkilatlarının, müstəqil mətbuatın gücləndirilməsinin vacibliyini qeyd etdi. O, bu yardımın bəşəri prinsiplərə, yeni bazarların açılmasına və uzun dönəmli təhlükəsizliyin qorunmasına xidmət etdiyini vurğuladı.

Hikmət Hacızadə avtoritar rejimlərlə sərt rəftarın tərəfdarı olduğunu bildirdi. Bəzi ekspertlərin sanksiyaların effektiv olmaması haqda dediklərini rədd edən cənab Hacızadə uzun dönəmdə cəzalandırıcı mexanizmin avtoritar rejimləri zəiflətdiyini və çökdürdüyünü bildirdi. Bunda əlavə, demokratrik ictimaiyyətin avtoritar rejimləri qınaq obyektinə çevirməsini politoloq daxildə demokratiya uğrunda mübarizə aparan qüvvələri ruhlandırdığını söylədi.

Hikmət Hacızadənin çıxışını şərh edən Sharon Wolchik adətən xarici müşahidəçilərin demokratiya məsələsinə daxildəkilərdən daha nikbin yanaşdığını, lakin Azərbaycana gəldikdə bunun əksi baş verdiyini dedi. O, Hikmət Hacızadənin dediklərində böyük həqiqətlər olduğunu, amma demokratiyanın perspektivləri baxımdan skeptik fərziyyələrin olduğunu dedi. Professor Wolchik xarici qüvvələrin hər hansı ölkədə, o cümlədən Azərbaycanda demokratiya bərqərar etmək şanslarını məhdud qiymətləndirdi. Onun sözlərinə görə demokratiya uğrunda mübarizədə əsas yük xalqın öz çiyinlərinə düşür. Demokratiyanın qələbə çalması üçün münasib şərait və müxalifətin məqsədyönlü strategiyası tələb olunur, deyə Sharon Wolchik bildirdi. ABŞ-ın tarixən demokratiya məsələlərində birmənalı mövqe sərgiləmədəyini önə çəkən amerikalı ekspert rəsmi Vaşinqtonun 2005-ci il seçkilərində və ondan sönrakı dövrdə Azərbaycanda demokratiyanın durumu ilə bağlı prinsipiallıq nümayiş etdirməməsindən gileyləndi və demokratiyaya əhəmiyyət verilməsinin vacibliyini vurğuladı.

Çıxışlardan sonra başlanan sual-cavab sessiyasında Azərbaycanda avtoritarizmin mədəni-tarixi kökləri, müxalifət partiyalarının durumu, gənclər hərəkatı və başqa mövzular müzakirə olundu. Hikmət Hacızadə Azərbaycanda özünü-idarəçilik ənənəsinin güclü olmadığını və bu istiqamətdə əhalini maarifləndirməyin vacibliyindən danışdı.

XS
SM
MD
LG