Accessibility links

Rusiyalı alimlər Hilal Məmmədovun azadlığa buraxılmasını xahiş edir


Hilal Məmmədov, “Talışi Sədo” qəzetinin redaktoru

Hilal Məmmədov, “Talışi Sədo” qəzetinin redaktoru

“Hələ ki, xarici casusların həbsi üzrə təcrübə casusluqda şübhəli bilinən şəxsin üstəlik narkotik maddə alverçisi olması ilə bağlı halı yada salmır”

Rusiya Elmlər Akademiyası Steklov adına Riyaziyyat İnstitutunun əməkdaşları Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək Hilal Məmmədovun azadlığa buraxılmasını xahiş edib.

“Fizika-riyaziyyat elmləri namizədi Hilal Məmmədov aspiranturada təhsil alıb və Moskvada SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib. Sovet və rus təhsil sisteminin yetişdirməsi və tərəfdarı olan H.Məmmədov öz elmi və əmək fəaliyyətində mühüm dərəcədə pravoslav və islam ideyalarına əsaslanan yerli mənəvi ənənələri tərənnüm edən dəyərlərə sadiq olub. Alim H.Məmmədov öz tələbələrinə dinindən və bizim ümumi siyasi taleyimizdən irəli gələrək yaranan zərurətdən asılı olmayaraq bütün xalqlara hörmətlə yanaşmanın vacibliyini izah edib.

Əsl ziyalı şəxs olan H.Məmmədov başa düşürdü ki, onu tərbiyə edən xalqın mədəniyyətinin, dilinin və dəyərlərinin saxlanması işinə öz töhfəsini verməlidir.

O, “Talışın səsi” qəzetinə rəhbərlik edib. Bu qəzetdə istisna olaraq mədəni materiallar dərc edilib. Qəzet mənəvi dəyərlərin yayılmasına, ateizm illərində dağıdılanların bərpasına, talış, azərbaycanlı, rus və digər xalqların mədəni ənənələrinin mənəvi tənəzzülünün qarşısının alınmasına xidmət edib.

Bizdə olan məlumata görə, H.Məmmədovun təşkil etdiyi talış mədəniyyət gecəsində Rusiyanın NTV telekanalının çəkiliş qrupunun iştirak etməsi ilə vəziyyət gərginləşib. Belə ki, H.Məmmədovun müsahibəsinin Rusiya telkanalında nümayişi onun həbsini sürətləndirib.

H.Məmmədova qarşı irəli sürülən ittihamların absurd olması məlumdur. Bir tərəfdən o, narkotik maddənin satışında və istifadəsində ittiham olunur, digər tərəfdən dövlətə xəyanətdə. Hələ ki, xarici casusların həbsi üzrə təcrübə casusluqda şübhəli bilinən şəxsin üstəlik narkotik maddə alverçisi olması ilə bağlı halı yada salmır.

Bundan əlavə, H.Məmmədov xroniki astmadan əziyyət çəkir. Məlumdur ki, bu xəstəlik zamanı narkotik maddənin qəbulu qəti istisna olunur.

H.Məmmədovun həbsinin qanunsuz olması beynəlxalq təşkilatlar, Azərbaycan, Rusiya və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən təsdiqlənib. Sizdən xahiş edirik ki, öz nüfuzunuzdan və böyük siyasi təcrübənizdən istifadə edərək Hilal Məmmədovun azadlığa buraxılmasına yardım göstərəsiniz”, - Rusiya EA-nın müxbir üzvü O.Besovun və fizika-riyaziyyat elmləri doktoru V.Markovun imzaladıqları müraciətdə deyilir.
XS
SM
MD
LG