Accessibility links

Beynəlxalq hüquq müdafiə və jurnalist təşkilatları Məmmədovu vicdan məhbusu kimi qəbul edib və onun azad edilməsini tələb edib

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə hazırlıq iclası keçiriləcək.

2012-ci il iyunun 21-də İranın xeyrinə casusluq ittihamı ilə saxlanılan Hilal Məmmədov CM-in 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə ittiham olunur.

Təqsiri sübuta yetirilərsə, o, 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Beynəlxalq hüquq müdafiə və jurnalist təşkilatları Məmmədovu vicdan məhbusu kimi qəbul edib və dəfələrlə onun azad edilməsini tələb ediblər.

Məmmədov Astara rayonunda bir toydan “Tı kto takoy? Davay, do svidaniya” videoçarxını İnternetdə yerləşdirdikdən sonra həbs edilib.

H.Məmmədov məhkəmə qabağı bəyanatla çıxış edib.

“Azadlıq” qəzetinin dərc etdiyi bəyanatda deyilir ki, barəsində qaldırılan bu saxta cinayət işi ilə bağlı Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin 8 nəfər əməkdaşından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, 6 ay ərzində 8 cilddən ibarət qondarma bir iş qurulub-yekunlaşdırılaraq, nəhayət ki, 20 dekabr 2012-də Bakı Ağır Cinayət İşləri üzrə Məhkəməyə göndərilib.

“Ən yüksək hakimiyyət orqanları səviyyəsində mənə qarşı təşkil olunmuş bu qərəzli prosesin bəzi motivlərini bildirməyi vacib sayiram: Rusiyada “BUM” yaradan “Тı kto takoy, davay do svidaniya” video-rolikimizin youtube saytında yayımlanmasından sonra, Bakıya gələn NTV cəkiliş qrupu ilə 12 iyunda Bakıda, 13 iyunda Astarada, 14 iyunda NTV jurnalistiylə birgə ATV kanalinda çıxışım və 17 iyinda isə NTV-dəki müsahibəmiz hakimiyyətdə kimlərinsə qısqanclıq və qəzəb hisslərinə səbəb olduğundan, DİN və Prokurorluğa həbsim barədə sifariş verilmişdir”, o qeyd edir.
XS
SM
MD
LG