Accessibility links

Hilal Məmmədovun məhkəməsi davam edir


Hilal Məmmədov
Hilal Məmmədov

Bu gün narkotikm ittihamı üzrə şahidlər dindirilib

“Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə iyunun 13-də keçirilən məhkəmə prosesində cinayət işinin qanunsuz narkotik ticarəti ilə bağlı hissəsi üzrə şahidlər ifadə veriblər.

İclasın əvvəllərində Məmmədov bir sıra vəsatətlərlə çıxış edib. O qeyd edib ki, 2012-ci il iyunun 21-də saxlanılması zamanı iyunun 5-də ifadə verən DİN-in Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşı, polkovnik Ələkbər Xələfov və bu idarənin digər əməkdaşı – polkovnik Qalib Hümbətov ona qarşı fiziki və mənəvi təzyiq göstəriblər.

Bundan başqa, polislər onun “Tı kto takoy, davay, do svidaniya” klipinə və Astarada Talış folkloru axşamına NTV çəkiliş qrupunu dəvət etdiyinə görə həbs edildiyini gizləməyiblər.

Daha sonra Məmmədov qeyd edib ki, bu zabitlərin adı başqa bir məhkəmə prosesində narkobaron kimi hallanır. O, bu proses haqqında “Yeni Müsavat” qəzetinin 22-23 sentyabr tarixli saylarının surətini məhkəməyə təqdim edib.

Məmmədov Milli Təhlükəsizlik Nazirinin Xələfov və Hümbətov barəsində araşdırma aparması haqqında vəsatət qaldırıb. Lakin dövlət ittihamçısı vəsatətlərə qarşı çıxıb və məhkəmə onları təmin etməyib.

Daha sonra Hümbətov ifadə verib. O, Məmmədova qarşı güc tətbiq etdiyini inkar edib. O bildirib ki, əməliyyat Məmmədova qarşı şifahi operativ məlumat əsasında həyata keçirilib. Lakin şahid vəkil Ramiz Məmmədovun 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Elman Quliyevin qapalı müəssisədən “şifahi informasiyanı necə ötürə bilməsi” haqqında sualına cavab verə bilməyib.

Polisdə və kirayə mənzildə Məmmədovun geyimlərinə baxış zamanı niyə eyni şahidlərin iştirak etdiyi haqqında suala cavabda Hümbətov deyib ki, “onlar özləri razılaşıblar”.

Hakim vəkil Yalçın İmanovun şahidə Hümbətovun adının narkobanda himayəçisi kimi hallandığı digər məhkəmə prosesi haqqında sual verməsinə imkan verməyib.

Proses iyunun 19-da davam edəcək.

Məmmədov 2012-ci il iyunun 21-də həbs edilib və qanunsuz narkotik saxlamaqda, dövlətə xəyanətdə və milli ayrı-seçkilik salmaqda ittiham olunur. Lakin yerli və beynəlxalq təşkilatlar hesab edir ki, Məmmədov siyasi motivlərlə təqib olunur.
XS
SM
MD
LG