Accessibility links

Apellyasiya Məhkəməsi Hilal Məmmədovun şikayətini təmin etməyib


Hilal Məmmədov

Hilal Məmmədov

“Tolışi sədo” qəzetinin həbsdə olan redaktoru Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu təqsirsizlik prezumpsiyası hüququnu pozmaqda günahlandırır

Yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində “Tolışi sədo” qəzetinin həbsdə olan redaktoru Hilal Məmmədovun Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğa qarşı şikayətinə baxılıb.

Məmmədov hesab edir ki, DİN və Baş Prokurorluq 4 iyul 2013-cü ildə birgə məlumatında onu cinayət törətmiş şəxs kimi təqdim edərək, təqsirsizlik prezumpsiyası hüququnu pozublar, bir halda ki, təqsiri məhkəmə tərəfindən sübuta yetirilməyib.

Məmmədov mənəvi ziyana görə cavabdehlərin hər birindən 50 min manat kompensasiya tələb edir.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi 18 avqust 2013-cü ildə Məmmədovun şikayətini təmin etməyib, bundan sonra o, apellyasiya şikayəti verib. Bu gün Səriyyə Seyidovanın sədrliyi ilə şikayətə baxılıb.

Bu gün Məmmədov öz çıxışında DİN və Baş Prokurorluğun məlumatında faktların təhrif edilməsinə və təqsirsizlik prezumpsiyasının pozulmasına diqqət çəkib.
Xüsusən bu məlumatda hansısa vətəndaşa istinadən iddia olunurdu ki, Məmmədov xarici dövlətin xüsusi xidməti ilə Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə ziyanlı olan əməkdaşlığa cəlb edilib, milli və dini ədavət salınması, qanunsuz narkotik dövriyyəsi ilə məşğul olub.

Məlumatda Məmmədovun İran xüsusi xidmətinin nümayəndəsi Əli Abdulladan pul alması haqqında danışılırdı. Həmçinin, Məmmədovun İran kəşfiyyatına zəruri məlumatları ötürdüyü barədə danışılırdı.

Məmmədov bildirib ki, bu iddialar məhkəmə zamanı təsdiqini tapmayıb.
DİN və Baş Prokurorluq nümayəndələri prosesdə iştirak etməyib.

Nəticədə məhkəmə Məmmədovun vəsatətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məmmədov 21 iyun 2012-ci ildə DİN-in Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz narkotik ticarəti ittihamı ilə həbs edilib. Sonradan o, dövlətə xəyanətdə və milli ayrı-seçkilik salmaqda ittiham olunub.

Yerli hüquq müdafiəçiləri əmindirlər ki, Məmmədov İnternetdə yerləşdirdiyi “Tı kto takoy, davay, do svidaniya” videoçarxına tənqidi şərhinə görə təqib olunur. Belə ki, Məmmədov qeyd edirdi ki, bu klip Azərbaycanı hakimiyyətin böyük vəsait xərclədiyi “Eurovision” müsabiqəsindən daha çox məşhurlaşdırıb. Amnesty İnternational Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb.
XS
SM
MD
LG