Accessibility links

Hillari Klinton: Amerika ilə Azərbaycan arasında dərin, vacib və möhkəm münasibətlər mövcuddur


Hillari Klinton: Amerika ilə Azərbaycan arasında dərin, vacib və möhkəm münasibətlər mövcuddur

Hillari Klinton: Amerika ilə Azərbaycan arasında dərin, vacib və möhkəm münasibətlər mövcuddur

Hillari Klinton Amerikanın demokratiya və insan hüquqları prinsiplərinə sadiq olduğunu bildirib

Amerika Dövlət katibi Hillari Klinton bu gün Bakıda səfərdə olub. O Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş insanların uyuduğu şəhidlər xiyabanını ziyarət edib. Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Dövlət katibinin Azərbaycan gəncləri ilə görüşündə isə Dağlıq Qarabağ münaqişəsi, blogerlərin həbsi, demokratiya, insan hüquqları, söz və internetdə fikir azadlığı məsələlərinə toxunulub.

O Azərbaycanın gələcəyi ilə bağlı optimist olduğunu deyib.

“Amerika Azərbaycana və onun vətəndaşlarına çiçəklənən, demokratik, müstəqil və suveren dövlət qurmaqda kömək etmək vədinə sadiqdir. Azərbaycanın potensialı ilə bağlı mən çox optimistəm. Azərbaycan qeyri-adi tarixə və zəngin resurslara malik strateji bir ölkədir, bu isə inkişafa imkan verir”.

Xanım Klinton Amerikanın demokratiya və insan hüquqları prinsiplərinə sadiq olduğunu bildirib. “Hesab edirəm ki, 21-ci əsrdə, o dövlətlər inkişaf edəcək ki, o dövlətlər dialoqa və inteqrasiyaya açıqdır. Dövlət katibi kimi mənim prioritetim demokratiyanı, azadlığı, gəncliyi, o cümlədən ictimai aktivliyi, internet azadlığını dəstəkləməkdir. Yeni texnologiyalar ünsiyyətin xəritəsini dəyişir. İnsanların ünsiyyət texnologiyaları dəyişə bilər, amma ABŞ-ın söz azadlığına münasibəti, prinsiplərə sadiqliyi dəyişmir”

Dövlət katibi deyib ki, prezident Barak Obama və o Azərbaycanda həbsdə olan iki gənc blogerlərlə bağlı çoxlu sayda məktublar alıb. Bu gün Bakıda keçirdiyi görüşlərdə də bu məsələni qaldırıb. “Gənclər Klubu” İctimai Birliyinin icraçı direktoru Zaur Əkbərin sualının cavabında dövlət katibi danışıqlarında blogerlərin həbsdən azad edilməsi məsələsini qaldırdığını bildirib.

Xanım Klinton Amerikanın Azərbaycana təhlükəsizlik və demokratiya sahəsində kömək edəcəyini də diqqətə çatdırıb. “Demokratiya Təbliğatı” Assosiasiyasının rəhbəri Rəşad Şirin dövlət katibinin Azərbaycanın problemlərinə optimist yanaşdığını deyib.

Bloger Əli Novruzov da dövlət katibinin blogerlərin tezliklə azadlığa buraxılacağına ümid etdiyini dediyini bildirib. Dövlət katibi eyni zamanda problemlərin həllində səbirli olmağa çağırıb.

“Dalğa” Gənclər Hərəkatının təmsilçisi Ramin Hacılı xanım Klintona “Reportyorların Azadlığı və Təhlükəsizliyi” institutunun ölkədə insan haqları və mətbuat azadlığının durumu ilə bağlı hazırladığı məktubu təqdim edib.

Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin məsləhətçisi Röya Talıbova dövlət katibinə Dağlıq Qarabağ, Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin aradan qaldırılması, bir milyon azərbaycanlı məcburi köçkünün doğma yurdlarına qaytarılmasına Amerikanın köməyinin vacibliyi ilə bağlı sual verib.

“İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı şimaldan Rusiya, cənubdan İran, qərbdən Ermənistanla həmsərhəd olan Azərbaycanın Amerika ilə eyni koalisiyada olmasına onun münasibətini öyrənmək istəyib.

“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya” Təşkilatının sədri Gülsel Səfərova Amerika Konqresinin Dağlıq Qarabağa maliyyə yardımı və iki ölkə vətəndaş cəmiyyətlərinin inteqrasiyası məsələlərini qaldırıb.

Dövlət katibi səfərin yekunları ilə bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında isə daha çox Azərbaycanın tərəqqisindən danışıb. Onun fikrincə, Amerika ilə Azərbaycan arasında dərin, vacib və möhkəm münasibətlər mövcuddur. “Amerika ilə Azərbaycan arasında ticarət, təhsil və digər sahələrdə münasibətlər var. Azərbaycan və Amerika hərbçiləri Kosovo, İraqda birgə çiyin-çiyinə xidmət aparıb və Əfqanıstanda xidmətlərini davam etdirir. Biz münasibətləri daha da dərinləşdirməyi düşünürük. Azərbaycanı böyük potensiala malik ölkə kimi görürəm”.
Xanım Klinton Azərbaycanın demokratiya sahəsində tərəqqi əldə etdiyini, lakin bu sahədə problemlərin olduğunu da diqqətə çatdırıb. Dövlət katibi qarşıdan gələn parlament seçkilərində ölkəsinin Azərbaycana dəstək verəcəyini və əməkdaşlıq edəcəyini deyib. “Amerika demokratiyaya sadiq qalır. Son 18 ildə Azərbaycanda böyük irəliləyiş var. Biz isə daha çox istəyirik. Çünki, bu, həm ölkənin həm də bu xalqın maraqlarına uyğundur. Biz, bir çox məsələlərə dair çox səmimi müzakirələr apardıq. Azərbaycanın demokratik gələcəyi daim Amerika siyasətinin əsas diqqətində olub. Bizim çox əhatəli, mürəkkəb münasibətlərimiz var. Biz enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə, bütün bunlar bizi Azərbaycanda maraqlandıran məsələlərdir. Biz hakimiyyətin söz azadlığını, müstəqil medianı müdafiə etmək sahəsində cəhdlərini dəstəkləyirik. Biz daha çox iş görülməsinə çağırırıq. Əks halda demokratiya məhv ola bilər.

Mən əvvəllər də həbsdə olan iki gənc blogerin məsələsini qaldırmışam. Bu məsələ təkcə bizim deyil, bütün dünyanın diqqət mərkəzindədir. İnanırıq ki, Azərbaycanda inanılmaz tərəqqi baş verib. Ancaq Azərbaycan kimi gənc ölkələrdə gediləsi uzun yol var. Bu gün iyulun 4-ü - ABŞ-ın müstəqillik günüdür. Biz demokratiya yolunu 234 ilə keçmişik. Hələ də son məqsədə çatmamışıq”- deyə xanım Kilinton qeyd edib.

O son bir ildə Ermənistan-Azərbaycan münaqişəsi və Türkiyə-ermənistan münasibətlərinin normallaşması sahəsində irəliləyişləri qeyd edib. “Dağlıq Qarabağ münaqişəsinin tərəflərin iştirakı ilə həllini dəstəkləyirik. Son bir ildə münaqişənin həlli və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması sahəsində böyük işlər görülüb. Təəssüf ki, görmək istədiyimiz dönüşü hələ görmürük. Region üçün daha çox inteqrasiya, daha böyük fəaliyyət mühümdür. Azərbaycan iqtisadi baxımdan ciddi inkişaf edir. Daha çox inteqrasiya olunmuş, regional bazar yaratmaq ideyası, sərhədlərin açılması, münaqişəyə son qoyulması Birləşmiş Ştatların siyasətinə uyğundur və hər kəsin marağındadır”, - deyə dövlət katibi bildirib.

Amerika dövlət katibi Hillari Klinton Bakıdan Yerevana gedib.

XS
SM
MD
LG