Accessibility links

Hillari Klinton: "Ermənistanla Azərbaycan arasında baş qaldırmış gərginliyə görə narahatam"

  • Amerikanın səsi

Qafqaz ölkələrinə rəsmi səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton Ermənistanla Azərbaycan arasında baş qaldırmış gərginliyə görə narahatlığını ifadə edib.

Dünən xanım Klinton Ermənistan paytaxtı Yerevanda prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Görüşdə sonra birgə mətbuat konfransında xanım Klinton deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və ola bilməz.

O, son hadisələrdən kədərləndiyini qeyd edib və bildirib ki, gənc əsgərlərin mənasız yerə ölməsindən narahatlıq hissi keçirir. “Güc tətbiqi məsələni həll etməyəcək, odur ki, onun tətbiqini istisna etmək lazımdır”, - deyə o vurğulayıb.

H.Klinton münaqişə tərəflərini güc tətbiqindən çəkinməyə çağırıb və bildirib ki, iyunun 6-da Bakıda da bunları təkrar edəcək. Dövlət katibinin sözlərinə görə, bu kədərli hadisələr tərəfləri danışıqlar prosesindən saxlamamalıdır. “Yekun həllin yolunu tapmaq lazımdır və bunda təkcə prezidentlərin deyil, həm də iki ölkə vətəndaşlarının rolu vacibdir “, - o bildirib və əlavə edib ki, bu, uzun yoldur, lakin irəliyə doğru hərəkət etmək lazımdır.

“Belə hadisələr daha ağır nəticələri olan pis insidentlərə keçə bilər”, - Klinton deyib. O qeyd edib ki, ATƏT-in Minsk Qrupu hadisələrin bu cür inkişafına yol verməmək üçün hər şeyi edir.

“Münaqişə birini digərindən ayırmadan Helsinki aktının bütün prinsipləri əsasında nizamlanmalıdır”, - o vurğulayıb.

Ermənistan-Türkiyə münasibətlərinə toxunan dövlət katibi deyib ki, Vaşinqton həmişə hər hansı ilkin şərt olmadan münasibətlərin normalaşmasını alqışlayıb. Bu gün top meydançanın Türkiyə tərəfindədir, erməni tərəfinə isə heç nə etmək lazım deyil.
O həmçinin qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə Yerevan-Bakı münasibətlərindəki gərginlik arasında heç bir əlaqə yoxdur. Hər iki məsələnin nizamlanmasında isə ABŞ öz fəal iştirakını davam etdirəcək.

XS
SM
MD
LG