Accessibility links

Mumbay terror aktının yeganə sağ qalan iştirakçısı edam edilib


2008-ci ildə Hindistanın Mumbay şəhərində törədilmiş terror aktının iştirakçısı və sağ qalmış yeganə pakistanlı terrorçunun Hindistanda edam edilməsindən sonra Talibanın Pakistandakı qanadı onun qisasını alacaqlarını bildirib.

Çərşənbə günü Məhəmməd Ajmal Kasab Hindistanın qərbində gizli şəkildə asılaraq edam olunub. O, Hindistana qarşı terror aktında iştiraka görə və 166 insanın öldürülməsinə görə ittiham olunmuşdu. Kasab Hindistanın Pune şəhərində öldürüldüyü həbsxanada dəfn olunub.

Talibanın Pakistan cinahının sözcüsü Ehsanullah Ehsan xəbər agentliklərinə verdiyi məlumatda bildirib ki, əgər Hindistan Kasabın cəsədini Talibana və ya onun Pakistandakı ailə üzvlərinə təhvil verməsə, yaraqlı təşkilat Hindistandakı hədəflərə hücum edəcək.

Hindistanın Xarici İşlər Naziri Salman Xurşidin Pakistan hökuməti və Kasabın qohumları ilə əlaqə saxlamaq səylərə baxmayraq, onun cəsədinin istənilməsi barədə heç bir tələb almadıqlarını bildirib.

Kasab və ağır silahlanmış digər doqquz cavan şəxs üç gün davam edən mühasirə nəticəsində Hindistanın maliyyə şəhərində bahalı mehmanxanalar, yəhudi mərkəzi və əhalinin sıx olduğu qatar stansiyasına hücum etmişdilər. Hindistan hücumla bağlı Pakistanda yerləşən Ləşkəre-Təibə yaraqlı qrupunu təqsirləndirib.

Human Rights Watch təşkilatı Hindistandan ölüm cəzasını ləğv etməyi tələb edib.

Nyu-Yorkda yerləşən insan haqları təşkilatı Kasabın bu həftə edam olunmasını “Hindistan ədliyyə sistemi üçün geri addım” adlandırıb.
XS
SM
MD
LG