Accessibility links

Həkimeldostu Mehdiyev: Naxçıvanda insan haqları sahəsində vəziyyət ağır olaraq qalır


Həkimeldostu Mehdiyev: Naxçıvanda insan haqları sahəsində vəziyyət ağır olaraq qalır
Həkimeldostu Mehdiyev: Naxçıvanda insan haqları sahəsində vəziyyət ağır olaraq qalır

Ekspertlər bildirir ki, muxtar respublikada hər cür siyasi fəaliyyət məhdudlaşdırılıb və “Ümid” partiyası istisna olmaqla, müxalifət partiyaları hətta ofisdən belə məhrum edilib. Jurnalistlər və hüquq müdafiəçiləri daim hədə-qorxulara məruz qalır.

İlin əvvəlində Azərbaycan prezidenti İlham Əliyevin elan etdiyi korrupsiyaya qarşı mübarizə kampaniyasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında (NMR) rüşvətxorluq artmaqda davam edir və bunda ən çox hüquq mühafizə orqanları qazanır. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) 2010-cu ilin sentyabrından 2011-ci ilin aprelinədək NMR-də apardığı insan hüquqları və media sahəsində vəziyyətin monitorinqi haqqında hesabatın təqdimatı zamanı bildirilib.

Bu layihə artıq 4 ildir ki, həyata keçirilir və hesabat dövrünün monitorinqi Norveç XİN-in maliyyə dəstəyi ilə həyata keçirilib.

RATİ-nin eksperti Elman Abbasov bildirib ki, NMR-də rüşvət ödəməkdən imtina edən vətəndaşlara fiziki təzyiq göstərməsi faktları qeydə alınıb.

Belə ki, bu ilin fevralında yol polisi əməkdaşlarına rüşvət verməkdən imtina edən və bundan şikayət etməyə “cürət edən” Nadir Məmmədov Naxçıvan Daxili İşlər Nazirliyinin binasında işgəncələrə məruz qalıb, xüsusən, barmaqları kəlbətinlə sıxılıb.

Rüşvət verməkdən imtina edən Vilayət Əsədovun ayağı sındırılıb. Ondan pul tələb edilməsinə səbəb isə Naxçıvanda 4 yeşik araq alaraq, Şərura öz evinə aparmaq istəməsi olub.

RATİ-nin əməkdaşı İdrak Abbasov vətəndaşların heç bir qanuni əsas olmadan uzun müddət – bir neçə gün polisdə saxlanılması faktlarına diqqət çəkib.

NMR-də digər problem müxtəlif müəssisələrin işçilərinin şənbə və bazar iməcilikləri adı altında abadlıq işlərində iştiraka məcbur edilməsidir.

Bundan başqa, muxtar respublikada hər cür siyasi fəaliyyət məhdudlaşdırılıb və “Ümid” partiyası istisna olmaqla, müxalifət partiyaları hətta ofisdən belə məhrum ediliblər. Jurnalistlər və hüquq müdafiəçiləri daim hədə-qorxulara məruz qalır.

RATİ-nin regional eksperti Həkimeldostu Mehdiyev isə Amerikanın Səsi radiosuna müsahibəaində Sədərək rayon sakinlərinin mülkiyyət hüquqlarının pozulmasından danışıb.

Cənab Mehdiyevin fikrincə, Babək rayonunun Nehrəm kəndində də sosial gərginlik artır. “NMR-in daha bir problemi vəkil çatışmazlığı və müstəqil vəkillərin olmamasıdır. NMR məhkəmələri hakimiyyətin və ona yaxın olanların lehinə qərar çıxarır. Regional KİV-in monitorinqinə gəlincə, onlar - 2 telekanal, 1 radiostansiya və 1 qəzet dövlətə məxsusdur və yalnız hakimiyyəti təbliğ edir. Regionda müstəqil mətbuat yoxdur”, - deyə o qeyd edib.

Ekspert regionda insanların mülkiyyət hüququnun pozulduğunu da diqqətə çatdırıb. “Son zamanlar Naxçıvanda vətəndaşlardan köhnə motosikletlər yığılır və əvəzində 100 dollar verilir. İndi isə köhnə “Moskviç” markalı avtomobillər yığılır. Yerli hakimiyyət orqanları insanlara təzə avtomobil və motosiklet almağı tövsiyə edir. Əhali isə təzə avtomobil almaq iqtidarında deyil.”

XS
SM
MD
LG