Accessibility links

Fransanın yeni prezidenti Fransua Hollande-siyasi portret

  • Amerikanın səsi

Fransada prezident seçkisində Sosialist partiyasından namizəd Fransua Hollande rəqibi Nikola Sarkozi üzərində qələbə çaldı.

Fransada ən tanınmış siyasi fiqurlardan biri olmasına baxmayaraq, 57 yaşlı Fransua Hollande milli hökumətdə indiyə kimi heç bir vəzifə tutmayıb.

Parisdə yerləşən Fransa Beynəlxalq Məsələlər institutunda təhlilçi Dominik Mose deyir ki, cənab Hollande 30 ildən çoxdur Fransada siyasi arenada çıxış edir. “O, elitar Milli İdarəçilik məktəbində təhsil alıb. Bundan sonra o, Fransua Mitteranın Fransa prezidenti olduğu zaman kabinetin gənc üzvü olub. 11 il Sosialist partiyasının baş katibi olduqdan sonra o, prezident seçkisində namizədliyini irəli sürüb. Domink Straus Khan ətrafında qalmaqal onun xeyrinə oldu, o, Sosialist partiyasının daxilində rəqibi Martin Obri üzərində qələb çaldı, sonra da prezident seçkisində.”

Cənab Hollandın iqtisadi siyasəti varlılar üçün vergilərin artırılması, yanacaq qiymətlərinin dondurulması, sosial təminat proqramlarının genişləndirilməsi və 60 min müəəlim üçün yeni iş yerlərinin açılması üzərində qurulub.

Cənab Hollandın prezident seçki kampaniyası zamanı irəli sürdüyü “Mənim düşmənim pul dünyasıdır” şüarı Avropa paytaxtlarında bəziləri tərəfindən təəəccüblə qarşılandı.

Parisdə Siyasi Araşdırmalar Mərkəzində ekspert Bruno Kotres onun Londona səfəri zamanı “Mən təhlükəli deyiləm” ifadəsini şərh edir. “O demək istəyib ki, marksist olmayacaq, daxildə kommunist deyil, milliləşdirmə siyasəti aparmayacaq. Tamamilə aydındır ki, bunları dedikdə, o, beynəlxalq maliyyə qurumları və bazarlarını sakitləşdirməyə çalışıb ki, sosialist olmasına baxmayaraq, o, praqmatik düşüncəyə malikdir və Fransanı dəyişdirməyəcək.”

Vaşinqtonda Xarici Əlaqələr Şurasında Avropa məsələləri üzrə ekspert Çarlz Kupçan deyir ki, cənab Hollandın siyasi görüşlərində mübahisəyə səbəb daha bir cəhət var. “O, əvvəlki büdcənin yenidən müzakirəsinə çağırıb. Bu, Almaniya kansleri Algela Merkelin rəhbərliyi altında avro valyutasını sabitləşdirməyə çalışan Avropa İttifaqında naharatlıqla qarşılanıb. Hollandın razılaşmanı yenidən müzakirəyə qoyub diqqəti ağır iqtisadi şərtlərdən iqtisadi stimullaşdırmaya yönəltməyə dair bu çağırışı Fransanın özündə və Avropanın başqa yerlərində, İtaliya, İspaniya, Yunanıstan və Portuqaliyada ona dəstəyin artmasına gətirib çıxaracaq, lakin Almaniyada bu, onun üçün problem yarada bilər.”

Kupçanın sözlərinə görə, xarici siyasət məsələsində cənab Hollande və keçmiş prezident arasında başqa fərqliliklər var. “Onun qaldırdığı daha iki məsələ Vaşinqtonda narahatlıq yaradıb. Bu, Əfqanıstandan hərbi qüvvələrin çıxarılması prosesini tezləzdirməkdən ibarətdir. Hollande deyir ki, Fransa silahlı qüvvələri 2012-ci ildə Əfqanıstandan çıxmalıdır, Sarkozi 2013-cü ili göstərirdi. NATO və Vaşinqton isə bunun 2014-cü ildə baş verməsini istəyir. Daha bir məsələ isə Sarkozinin bir neçə il bundan əvvəl Fransanın NATO-nun vahid hərbi strukturuna qaytarılmasına dair qəbul etdiyi qərara yenidən baxılması və onun dəyərləndirilməsi ilə bağlıdır.”

Ekspertin sözlərinə görə, Fransua Hollande cənab Sarkozinin NATO siyasətini dəyişdirməyəcək, lakin ona yeni bir görünüş verəcək. “Bu da o deməkdir ki, Fransa xarici siyasəti Sarkozi dövrü ilə müqayisədə Atlantik məkana daha az meylli olacaq. Sarkozi bu mənada İkinci Dünya müharibəsindən sonra Fransada ən Amerikapərəst bir perzident idi.”

Təhlilçi Domink Mosi bu fikri belə şərh edir. “O, Nikola Sarkozidən daha az Amerikapərəst görünəcək və səslənəcək. Ondan daha az İsrailpərəst görünüb səslənəcək. Lakin manevr etmək imkanları o qədər də çox deyil, buna görə də Hollandın xarici siyasəti ilə Sarkozinin xarici siyasəti arasında böyük fərq görmürəm.”

Bu isə o deməkdir ki, Vaşinqton və Paris arasında münasibətlərdə böyük dəyişikliklər gözlənilmir.

XS
SM
MD
LG