Accessibility links

Hollivudda dini mövzuda filmlərə maraq artır


Hollivudda son zamanlar dini mövzulara daha çox diqqət verilir. Təkcə keçən il dini mövzuda 16 film çəkilib. Onların çoxu ekranlara çıxandan bir həftə sonra unuldulsa da, bəziləri ən gəlirli filmlərə çevrilir.

İsa peyğəmbərin həyatından bəhs edən “Allahın oğlu” kino-filmi ekrana çıxandan ən gəlirli filmlər sırasına keçib. Kilsə icmaları filmə tamaşa etmək üçün kino-teatr zallarını icarəyə götürür.

Fəlsəfə elmləri professoru Martin Oliver İsa peyğəmbərdən bəhs edən ekran əsərlərinin xristian auditoriyalarda rəğbətlə qarşılandığını deyir. “Kino yaradıcıları hansısa xüsusi bir baxışa malik deyillər. Onlar sizə artıq sizin təsəvvür etdiyiniz səhnələri göstərir.”

Professor Oliverin sözlərinə görə, 2004-cü ildə “İsa Məsihin iztirabları” filmindən sonra dini mövzuda film sahəsini test edən kino yaradıcıları maliyyə baxımından yenidən riskli layihəyə gedib. Mel Gibsonun filminin dünya ölkələrində nümayişi 1 milyard dollardan artıq gəlir gətirmişdi. “O, “İsa Məsihin iztirabları” filminin ekranlara çıxmasından əvvəl protestant və yevangelist kilsələrdə böyük reklam kampaniyası aparmışdı.”

Professor Oliver Mel Gibsonun bədii baxışa malik olduğunu və filmdə İsa peyğəmbərin iztirablarının təsviri səhnələrinin bütün dünyada milyonlarla insana təsir etdiyini qeyd edir. Bu baxımdan “Allahın oğlu” filmi Gibsonun filmi ilə müqayisə etmək mümkün deyil və onun auditoriyasının tədricən kiçiləcəyini gözləmək olar.

“Allahın oğlu” filmindən fərqli olaraq, rejissor Darren Aronofskinin “Nuh peyğəmbər” adlı filmi dünyanın sonundan danışan apokaliptik bir ekran əsəridir.
“Aranofski Allahın qəzəbindən və bizim tanımadığımız bir Allahdan bəhs edir. Bu, insana dost olan Allah deyil və buna görə də Aranofski Nuh peyğəmbər haqda əfsanəni xristian kitablarında olduğundan fərqli göstərir.”
Professor Oliverin sözlərinə görə, Aranofskinin filmi yəhudilər, xristianlar və müsəlmanların dünyanın yaradılışı haqda hekayətə sadiqdir. Lakin film hit olmaya da bilər. Meksikada katoliklər filmdə Nuh peyğəmbər obrazına böyük ehtiram göstərilmədiyinə görə ona soyuq münasibət nümayiş etdirib. Müsəlmanların da bir hissəsi ona qarşı çıxıb, belə ki islamda peyğəmbərin vizual təsvirinə icazə verilmir.

Lakin bununla belə, “Nuh peyğəmbər” müasir dünyada aktual məsələ olan ətraf mühitin mühafizəsinə diqqət göstərən insanlarda maraq doğura bilər. Filmdə xüsusi effektlərin işlədilməsi buna kömək edə bilər.

Dini mövzularda çəkilmiş filmlərin geniş auditoriya toplaya bilməsi o qədər asan deyil. Bunun üçün filmin təkcə bədiiliyi deyil, həm də onun mesajı güclü olmalıdır ki, o həm gözləri, həm də ruhu oxşasın.
XS
SM
MD
LG