Accessibility links

Türkiyənin yeni xarici siyasət kursu ABŞ-Türkiyə münasibətlərinə necə təsir edir


Türkiyənin yeni xarici siyasət kursu ABŞ-Türkiyə münasibətlərinə necə təsir edir

Türkiyənin yeni xarici siyasət kursu ABŞ-Türkiyə münasibətlərinə necə təsir edir

Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində ABŞ- Türkiyə münasibətlərinə həsr edilmiş dinləmələr keçirilib

Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində “Türkiyənin yeni xarici siyasət kursunun ABŞ-Türkiyə münasibətlərinə təsirləri” mövzusunda dinləmələr keçirilib. Dinləmələr zamanı ABŞ-ın Türkiyə və Azərbaycanda keçmiş səfiri Ros Vilson, Vaşinqtonda Yaxın Şərq insitutunda Türkiyə araşdırmaları proqramının direktoru Söner Çaqaptay, Alman Marşall fondunda təhlilçi İyen Lesser və Amerika Sahibkarlar instutunda təhlilçi Maykl Rubun çıxış ediblər.

Birləşmiş Ştatların strateji maraqları üçün olduqca böyük əhəmiyyəti olan Türkiyə ilə münasibətlər Vaşinqtonun siyasi dairələrində bu gün geniş müzakirə olunan məsələdir. Keçən ay İsrailin Türkiyənin yardım daşıyan gəmisinə hücumu və Türkiyənin BMT-nin İrana qarşı sanksiyaların son raundunun əleyhinə səsverməsi ABŞ-da NATO üzrə Amerikanın uzun zamandır müttəfiqinin xarici siyasət kursunda qərbdən uzaqlaşma meylləri ilə bağlı narahatlıqlara yol açmışdır. Müzakirələrin keçirilməsinin əsas məqsədi də bununla izah edilirdi. Dinləmələrə sədrlik edən Hovard Berman hazırda Türkiyənin xarici siyasət kursunun dəyişməsindən narahatlığını bildirərək ABŞ-la münasibətlərə bunun təsirlərinin nədən ibarət olacağı ilə bağlı ekspertlərə suallar vermişdir.

ABŞ Konqresinin üzvləri Türkiyə və ABŞ arasında münasibətlərin iki ölkə və Birləşmiş Ştatların regionda maraqlarının təmin olunmasında əhəmiyyətini qeyd etmişlər. Dinləmələrə dəvət olunmuş aparıcı təhlilçilər Ədalət və İnkişaf partiyasının hakimiyyətə gəlməsindən sonra Türkiyənin xarici siyasət kursu və ölkənin daxilində gedən proseslərdən danışmışlar.

ABŞ-ın Türkiyə və Azərbaycandakı səfiri Ros Vilson qeyd etdi ki, iki ölkə arasında münasibətlər heç vaxt sabit şəkildə yüksək səviyyədə olmayıb, əksinə münasibətlərdə qabarmalar və çəkilmələr müşahidə olunub. O bildirdi ki, İranın siyasi, müdafiə və təhlükəsizlik sahələrində bu gün yaratdığı çətin vəziyyət nə qədər ciddi olsa da, ABŞ NATO üzrə müttəfiqlərinə mümkün dərəcədə tam dəstək verməlidir. “Türkiyə bizim tərəfdaşımızdır, o bizimlə belə davranmalıdır, biz də onunla tərəfdaş kii davranmalıyıq.”

Amerika Sahibkarlar institutunun təhlilçisi Maykl Rubin öz çıxışında Ədalət və İnkişaf partiyasının Türkiyəni fundamental olaraq dəyişdirdiyini faktı üzərində quraraq, baş nazir Ərdoğanın həm xarici, həm də daxili siyasətdə əsaslı şəkildə fərqli kurs götürdüyünü qeyd etdi. O dedi ki, ABŞ-ın əvvəlki və hazırkı administrasiyası Türkiyəyə özləri görmək istədikləri bir ölkə kimi münasibət bəsləyib və Türkiyənin hansı bir ölkəyə çevrildiyi faktını qəbul etməyib.

Alman Marşall fondunda təhlilçi İyen Lesser Türkiyənin xarici siyasət kursunun dəyişməsinin müsbət tərəflərini göstərdi. Ölkənin dünya iqtisadi sistemində yerini qeyd etdi. O, Türkiyənin hazırkı hökumətinin müsəlman dünyası ilə münasibətlərini əvvəlki hökumətlərdən daha yaxşı şəkildə qura bildiyini bildirdi. O, Türkiyənin təkcə Yaxın Şərq deyil, həmçinin daha geniş coğrafi məkanda əlaqələrini genişlətməyə nail olduğunu göstərdi. Onun sözlərinə görə, ABŞ və Türkiyə arasında heç bir vaxt qızıl dövrün olmamasına baxmayaraq, iki ölkə İranın nüvə silahına malik olmasının qarşısının alınması kimi bir sıra məsələlərdə birgə iş görə bilərlər.

Vaşinqtonda Yaxın Şərq insitutunda Türkiyə araşdırmaları proqramının direktoru Söner Çaqaptay Türkiyədə Ədalət və İnkişaf partiyasının hakimiyyətə gəlməsindən sonra baş verən dəyişikləri təhlil edərək, onun yeritdiyi siyasət nəticəsində Türkiyənin həm qərb, həm dəYaxın Şərq ölkələri arasında regional qüvvəyə çevrilmədiyini bildirdi. O dedi ki, bu kurs Türkiyəni Translantik icmanın üzvü kimi görmür. Söner Çaqaptay Türkiyənin Avropa Birliyinə üzvlüyü kimi bir perspektivin gələcəkdə görünmədiyinə işarə edərək bildirdi ki, real problem ondadır ki, islam meylli Ədalət və İnkişaf partiyası liberal və qərb yönümlü Türkiyənin görüşlərini bölüşmür. O, Türkiyədə islahatlar prosesinin dayandığını, media, hərbi qüvvələr və elmi dairələrdə siyasi opponentlərin susdurulduğunu bildirdi. Söner Çaqaptayın sözlərinə görə, Ədalət və İnkişaf partiyasının türkləri özünün anti-qərb siyasəti arxasında apardığı yeni bir dövrdə əsas qayda Türkiyə və türklərə zərər verməməkdən ibarət olmamalıdır.

Dinləmələr zamanı ekspertlər Türkiyədə gedən prosesləri nəzərə alaraq münasibətlərin qurulmasında ABŞ hökumətinə tövsiyələr vermiş və qanunvericilərin suallarını cavablandırmışlar.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG