Accessibility links

Şəhərsalma və tikinti fəaliyyəti barədə məcəllə hazırlanıb


“Şəhərsalma və Tikinti Məcəlləsi”nin layihəsi Avropa standartlarına uyğun hazırlanıb. Sənəd üzərində yerli və beynəlxalq ekspertlər işləyib, müxtəlif ölkələrin qanunvericiliyi və icra mexanizmi öyrənilib

“Şəhərsalma və Tikinti Məcəlləsi”nin layihəsi Avropa standartlarına uyğun hazırlanıb. Sənəd üzərində son bir neçə il ərzində yerli və beynəlxalq ekspertlər işləyib, müxtəlif ölkələrin müvafiq qanunvericiliyi və qanun icra mexanizmi yaxından öyrənilib. Milli Məclis sənədi iki oxunuşda qəbul edilib.
Bu gün Amerika Ticarət Palatası Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə Baker və MaKKenzi hüquq şirkətinin maliyyə dəstəyi ilə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin” ictimai müzakirəsi keçirilib.
Tədbirdə təşkilatçılarla yanaşı, Milli Məclisin deputatları, biznes qurumlarının nümayəndələri iştirak edib.
Bu sənəd Azərbaycanda aparılan inzibati hüquq islahatlarının tərkib hissəsi kimi hazırlanıb.
“Məcəllə Avropa standartlarına uyğunlaşdırılıb. Fikir ayrılıqları da olub. Biz sənədə inzibati hüquq baxımından yanaşmışıq, amma daha geniş sosial-iqtisadi bucaqdan yanaşanlar da var”, - deyə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu daimi Komitəsinin sədri Əli Hüseynov qeyd edib.
Məcəllə 6 il davam edən əməkdaşlıq şəraitində, açıq və şəffaf müzakirələr nəticəsində hazırlanıb. “Kompromis kimi keçmiş Almaniya Demokratik Respublikasının transformasiya dövrü üçün qəbul edilmiş sənədindən istifadə olunub”, - deyə Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə rəhbəri Tomas Melçer qeyd edib.
Məcəllənin əsas konsepsiyası ölkədə şəhərsalma və tikinti ilə bağlı sistem yaratmaqdır. Sənəd insanların yaşaması üçün sağlam, təhlükəsiz və əlverişli mühit yaradılmasına kömək edəcək, şəhərsalma və tikintinin hüquqi və estetik əsaslarını yaradacaq.
“Sənəddə bütün insan qruplarının, o cümlədən əlillərin mənafeləri nəzərə alınıb. Biznes mühitinin təşviqi və biznesin həvəsləndirilməsi nəzər alınıb. Tikintinin ətraf mühitə təsirləri ilə bağlı qaydalar müəyyən edilib”, - deyə Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, sənədi hazırlayan işçi qrupunun rəhbəri Səyyad Kərimov qeyd edib.
Məcəllədə şəhərsalmanın ərazi planlaşdırılması, tikinti fəaliyyəti, regionlar üzrə ərazi planlaşdırılması, tikintiyə nəzarət, tikintisinə icazə tələb olunan və icazə tələb olunmayan obyektlər əksini tapıb. Sənədə görə, hündürlüyü 12 metrədək olan fərdi tikintilər barədə icazə tələb edilmir.
Bunun üçün ixtisaslaşmış qurum tərəfindən layihə hazırlanıb müvafiq icra hakimiyyəti orqanı xəbərdarlıq edilir. Bir ay müddətində icra orqanı müraciət edən şəxsə cavab verməsə də o tikintiyə başlaya bilər. Bununla yanaşı, ekspertlər qanunsuz tikililərlə bağlı da fikri bildirib. “Qanunsuz tikilmiş tikililərin sökülməsi düzgün olmazdı. Bu evlərə dövlətin müvafiq orqanları baxış keçirməli və normalara uyğun gələn tikililər leqallaşdırılmalıdır”, - deyə Səyyad Kərimov qeyd edib.
Deputat Vahid Əhmədovun fikrincə, hazırda tikinti işləri və qiymətləndirmə ilə bağlı narahatlıqlar var. “Ölkədə geniş tikinti işlər aparılır və bu, gələcəkdə də davam edəcək. Ən ciddi problem qiymətləndirmə ilə bağlıdır. Qiymətləndirmə sənəddə əksini tapmalıdır. İnsanların torpağı və evi alınırsa onlar qiymətləndirmənin bazar qiymətlərinə uyğun olmasına və vəsaitin vaxtında ödənilməsinə əmin olmalıdır”.
O, həmçinin tikinti sahəsində çoxsaylı normativ sənədlərin hazırlanmasını vacib sayır. “Hazırda istifadə edilən normativ sənədlərin əksəriyyəti Sovet dövründə qəbul edilib”.
Eyni zamanda, hazırda dövlət orqanları tərəfindən qəbul edilməyən tikintilərlə bağlı məsələ gündəmdə olub. “İndi çoxsaylı binalar dövlət qeydiyyatına alınmayıb, lakin insanlar yaşayır. Bu binalarda qəzalar baş verərsə kim cavab verəcək?” - deyə deputat sual edib.
Rəsmi şəxslərin dediyinə görə, hazırda ölkədə 400 mindən çox sənədləşdirilməmiş tikili var. Bu tikililərin böyük əksəriyyətində hazırda insanlar yaşayır.

XS
SM
MD
LG