Accessibility links

Human Rights Watch: Azərbaycanda insan haqları sahəsində vəziyyət pis olaraq qalır

  • Amerikanın səsi

Human Rights Watch: Azərbaycanda insan haqları sahəsində vəziyyət pis olaraq qalır

Human Rights Watch: Azərbaycanda insan haqları sahəsində vəziyyət pis olaraq qalır

Təşkilatın illik hesabatında Azərbaycanda media, ifadə, din və toplaşma azadlıqlarına məhdudiyyətlər ciddi problem olaraq göstərilir

Beynəlxalq insan haqları qrupu Human Rights Watch dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair llik hesabatını açıqlayıb. Hesabatın Azərbaycanla bağlı bölməsində deyilir ki, 2010-cu ildə ölkədə insan hüquqları sahəsində vəziyyət pis olaraq qalır. Hökumət fərqli fikirli jurnalistləri qorxutmaq və cəzalandırmaq məqsədilə diffamasiya ilə bağlı cinayət işi və başqa vasitələrdən istifadə etməyə davam edib. Tanınmış jurnalist professional fəaliyyətinə görə müəmmalı ittihamlarla həbsxanada saxlanılır. Noyabrın 7-də keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğun olmayıb. Din azadlığı, toplaşmaq azadlıqlarının məhdudulaşdırılması, həbs və cəzaçəkmə yerlərində işgəncə və pis rəftar kimi ciddi problemlər qalmaqdadır.

İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycanın jurnalist Eynulla Fətullayevi azadlıqdan məhrum etməklə onun ifadə azadlığını pozması barədə qərar çıxarıb və jurnalistin dərhal azad edilməsinə çağırıb.

Media azadlığı

Hökumət rəsmiləri 2010-cu ilin birinci yarısında jurnalistlər və tənqidi fikirdə olan başqa şəxslərə qarşı diffamasiya ilə bağlı 26 cinayət işi qaldırıb. Məhkəmə bunların 14-ü üzrə hökm çıxarıb. Bundan başqa, rəsmilərin diffamasiya ilə bağlı qaldırdığı 36 işdən 30-u üzrə məhkəmədə hökm çıxarılıb. Məsələn, 2010-cu ilin fevral ayında Bakı şəhər məhkəməsi Femida 007 qəzetinin baş redaktoru Eyyub Kərimovu Daxili İşlər nazirliyinin qaldırdığı iddia üzrə nazirliyə böhtan atmaq ittiham ilə cərimələyib.

İyul ayında məhkəmə iki qəzetin baş redaktoru və hökumətin kəskin tənqidçisi olan jurnalist Eynulla Fətullayevi həbsxana rəsmiləri tərəfindən qaldırılan narkotik maddələrin qanunsuz saxlanmasına dair müəmmalı ittihamla əlavə iki il müddətinə azadlıqdan məhrum edib. Fətullayev 2007-ci ildə müşahidəçilərin siyasi motivlərlə əlaqələndirdiyi terrorizm təhlükəsi və başqa ittihamlarla səkkiz il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Aprel ayında İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycan hökumətinin Fətullayevi həbsdə saxlamaqla, onun ifadə azadlığını kobud şəkildə pozduğu haqda qərar çıxarıb və onun dərhal azad edilməsinə çağırıb. Oktyabr ayında məhkəmənin Böyük Palatası Azərbaycan hökumətinin müraciətini təmin etməyərək, qərarı qüvvədə saxlayıb. Fətullayev isə hələ də həbsdə qalır.

2009-cu ildə restoranda belə görünür, hazırlanmış davanın qurbanları olan siyasi fəallar və blogerlər Emin Milli və Adnan Hacızadə xuliqanlıqda ittiham edilmiş və cəza müddətinin yarısını çəkdikdən sonra 2010-cu il noyabr ayında azad edilmişlər.

Bir neçə jurnalist də polis zorakılığına məruz qalıb. Hökumət bu insidentlərlə bağlı həqiqi təhqiqat aparmayıb. Fevral ayında Yeni Musavat qəzetinin müxbiri Leyla İlqar polis tərəfindən saxlanıb. Polis onu sorğu-sual edib və foto-aparatındakı fotoları silib. May ayında Azadlıq qəzetinin müxbiri Seymur Həziyev müxalifətin mitinqi zamanı saxlanıb. Həziyev vəkili olmadan dindirilib, polisə müqavimət göstərmək ittihamı ilə həbs edilib və yeddi sutka azadlıqdan məhrum edilib. Həziyev özü bildirir ki, iki polis işçisi onu sorğu-sual zamanı döyürmüş.

İyul ayında Yeni Musavat qəzetinin müxbiri Elmin Bədəlov və Milli Yol qəzetinin redaktor müavini Anar Gəraylı Bakı yaxınlığında biri nəqliyyat nazirinə mənsub olduğuna inanılan lüks villalar haqda foto-material hazırlayan zaman naməlum şəxslər onlara hücum edib.

Polis jurnalistlərin kütləvi etiraz aksiyalarını işıqlandırmasına mane olub. İyun ayında polis Bakıda Musavat Partiyasının aksiyasını dağıdıb, jurnalistlərin çəkilişinə mane olub. İyul ayında Prezident Administrasiyasının mühafizəçiləri Sabirabad rayonunda hökumətin selin nəticələrinin aradan qaldırımasına cavabından şikayət edən rayon sakinləri haqda film çəkən dörd jurnalisti saxlayıb, onların materiallarını silib.

May ayında Bakıda hava limanının təhlükəsizlik işçiləri norveçli jurnalist Erling Borgenin kamerası və DVD disklərini baqajına qoymasını tələb ediblər. Osloya çatan Borgen onun Eynulla Fətullyaev haqda çəkdiyi sənədli film üçün bütün materialların silindiyini aşkar edib.

Fevral ayında parlament qanuvericiliyə jurnalistlərin hər hansı bir şəxsin razılığı olmadan çəkiliş aparması, şəkil çəkməsi və səs yazmasına qadağa qoyan düzəlişləri təsdiq etdi. Istisna olaraq buna yalnız hüquq-mühafizə orqanlarının əməliyyat-axtarışları zamanı icazə verilir. İyun ayında hökumət estetik səbəbləri göstərərək, Bakının mərkəzində mətbu orqanların yayılmasına məhdudiyyətlər qoydu.

Parlament Seçkiləri

İqtidarda olan “Yeni Azərbaycan” partiyası noyabrın 7-də keçirilən parlament seçkilərində böyük çoxluq əldə etdi. Seçki kampaniyası siyasi partiyaların fəaliyyəti və ifadə azadlığının məhdudlaşdırılması, azad toplaşma azadlığına məhdudiyyətlər qoyulması ilə müşayiət edilib. Beynəlxalq müşahidəçilər seçkiləri beynəlxalq standartlara uyğun olmadığını üçün tənqid ediblər.

Sentyabr ayında İnsan Haqları üzrə Avropa Məhkəməsi 2005-ci ildə qalib gəldiyi dairədə seçkilərin nəticələrinin ləğv edilməsilə əlaqədar Azərbaycanın müxalif namizəd Flora Kərimovanın azad seçilmək hüququnun pozulmasına görə məsuliyyət daşıdığı haqda qərar çıxarıb.

Azad Toplaşmaq

Hökumət toplaşmaq azadlığını məhdudlaşdırıb. Rəsmilər Bakının mərkəzində heç bir mitinqin keçirilməsinə yol verməyib və polis icazəsiz mitinqləri dağıdıb. Aprelin 26-da Bakı polisi ifadə və toplaşmaq azadlığını dəstəkləyən 80 nəfəri həbs edib. Bundan dörd gün sonra polis Dövlət Neft Akademiyasında 2009-cu ildə baş vermiş faciənin ildönümünü qeyd etmək üçün toplaşmış onlarla siyasi fəalı saxlayıb.

Hökumət QHT-lərin fəaliyyətinə müdaxilə edib. Ədliyyə nazirliyi üç dəfə televiziya və alternativ media inkişaf mərkəzini qeydiyyatdan keçirməkdən imtina edib. Avqust ayında polis Kür Vətəndaş Cəmiyyəti təşkilatının Azərbaycanın cənubunda seldən zərər çəkən bölgələrdə monitorinq aparan bir neçə işçisini saxlayıb.

2009-cu ilin dekabrında Naxçıvan Muxtar Respublikasında Demokratiya və QHT İnkişaf Resurs Mərkəzinin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazov naməlum şəxslər tərəfindən döyülüb. Fəallar hücumun korrupsiya əleyhinə planlaşdırılmış seminarla əlaqədar olduğuna inanır.

2010-cu ilin sentyabrında Naxçıvanda media monitorinq qrupu olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşları Elman Abbasov və Həkimeldostu Mehdiyev təhlükəsizlik qüvvələrinin onlarla əlaqə saxlayan adamları sorğu-sual etdiyi və onlara öz təhlükəsizlikləri naminə fəallarla görüşməməyi tövsiyə etdiyi haqda xəbər verib.

Din Azadlığı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bütün dini icmaları 2010-cu il yanvarın 1-ə qədər təkrar qeydiyyatdan keçməyə məcbur edib, əks halda, onların fəaliyyətinin qadağan olunması mümkün ola bilərdi. 433 məscid və iki protestant kilsəsi daxil olmaqla, 450 icma təkrar qeydiyyatdan keçib. İki Baptist, 7-ci gün Adventistləri, Yehova Şahidləri və başqaları dövlət tərəfindən qeydiyyata alınmayıb. Rəsmilər Bakıdakı Fatimeyi Zəhra Məscidi və Müşfiqabaddakı sünni məscidini qeydiyyata almaqdan imtina etdikdən sonra, onları bağlanması ilə hədələyib.

İşgəncə və pis rəftar

Həbs və cəzaçəkmə yerlərində işgəncələr və pis rəftar geniş hal alaraq, cəzasız qalmaqda davam edir. Azərbaycanın penitensiar müəssisələrinin müstəqil monitorinqini aparan İşgəncələr Əleyhinə Komitə işgəncə və pis rəftarla əlaqədar 150-dən çox şikayət alıb. Polis bir neçə əməkdaş barədə inzibati qaydada ölçü götürüb, lakin cinayət işi qaldırmayıb. 2010-cu ildə pis rəftarla əlaqədar bir məhbusun öldüyü məlumdur.

Siyasi məhbuslar

Hökumət siyasi məhbusları saxlamağa davam edib. QHT fəalları keçmiş hökumət rəsmiləri, iş adamları və 2005-ci ilin noyabrında parlament seçkilərindən öncə hökuməti devirmək ittihamı ilə həsb edilmiş müxalif siyasətçilər daxil olmaqla, ölkədə siyasi məhbusların sayının 23-lə 45 arasında olduğunu bildirirlər.

Başlıca beynəlxalq oyunçular

Beynəlxalq və dini təsisatlar, habelə tərəfdaşlar Azərbaycanda insan hüquqlarının vəziyyəti, xüsusilə də media azadlıqları ilə bağlı narahatlıqlarını və tənqidlərini ifadə edib. 2010-cu ilin iyununda Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq Azərbaycana may ayında səfərinin nəticələrilə bağlı açıqladığı hesabatda hökuməti bir sıra pozuntular, o cümlədən polis özbaşınalığı, ifadə və toplaşmaq azadlığının pozulması hallarına diqqət göstərməyə çağırdı.

Avropa Şurası Parlament Assambleyası iyun ayında qəbul etdiyi qətnamədə hökuməti həbs edilmiş jurnalistləri azad etməyə, böhtana görə cinayət işi açılmasını ləğv etməyə və jurnalistlərə qarşı diffamasiya ilə bağlı cinayət işi qaldırmamağa səslədi.

Sentyabr ayında BMT-nin Baş Assambleyasında iştirak edən ABŞ prezidenti Barak Obama Azərbaycanın demokratik islahatları həyata keçirəcəyinə, həbsdə olan blogerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması da daxil olmaqla, insan haqlarının müdafiəsini artıracağına ümid etdiyini bildirdi. ABŞ Dövlət katibi Hillari Klinton iyul ayında Bakıya səfəri zamanı hökumətə blogerlərin həbsi də daxil olmaqla, bir sıra məsələlərlə bağlı narahatlıqlarını çatdırdı.

Avropa İttifaqının Qonşuluq Siyasəti fəaliyyət planının gedişi üzrə 2010-ci ilin aprelində açıqladığı hesabatda iqtisadi və sosial idarəçilik sahəsində inkişaf qeyd edilmiş, lakin penitensiar sistem, həbsdə işgəncələr, ifadə, toplaşmaq və din azadlıqları sahələrində vəizyyətlə bağlı narahatlıqlar ifadə edilmişdi. 2010-cu ilin iyulunda Azərbaycan və Avropa İttifaqı daha yaxın iqtisadi əlaqələri nəzərdə tutan assosiasiya haqda razılığa dair müzakirələrə başladı.

2009-cu ilin dekabrında Azərbaycanda işgəncə ilə bağlı vəziyyətlə tanışlıqdan sonra BMT-nin İşgəncə Əleyhinə Komitəsi hökuməti işgəncə hallarının vaxtında, qərəzsiz və effektiv araşdırılmasına çağırdı.

XS
SM
MD
LG