Accessibility links

Həsən Kərimov: Həkim xahiş etdim, kameranın nəfəsliyini də qapadılar


Həsən Kərimov: Həkim xahiş etdim, kameranın nəfəsliyini də qapadılar
Həsən Kərimov: Həkim xahiş etdim, kameranın nəfəsliyini də qapadılar

AXCP Ali Məslisinin sədri hazırda evində müalicə kursu keçir. O bir neçə günlük kursdan sonra Türkiyədə ürəyindən əməliyyat olunacaq.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov Amerikanın Səsi radiosuna müsahibəsində 2 aprel mitinqindən sonra basqına məruz qalması, polis şöbəsində saxlanılması, 5-6 nəfərlik kameraya əllidən çox adamın salınması, kamerada havasızlıqdan tənginəfəs olması, ürək tutmaları, xəstəxanaya köçürülməsi ilə bağlı məsələlərə toxunub.

Sual: Aprelin 2-də saxlanıbsınız və polis şöbəsində səhhətiniz ağırlaşıb. Sizi hansı səbəbdən saxlamışdılar?

Cavab: Mən iki dəfə infarkt keçirdiyimdən AXCP Ali Məclisinin Rəyasət Heyətinin qərarı ilə mitinqlərdə iştirakdan azad edilmişəm. Sadəcə aprelin 2-də bir dostumun evindən mitinqin gedişini izləyirdim. Saat 13-dən 16-dək mitinq zamanı saxlananlar, zorakılığa məruz qalanlarla bağlı media orqanlarını məlumatlandırırdım. Saat 16 radələrində olduğumuz mənzilin qapısı döyülməyə başladı və ev yiyəsi qapını özündən bağa kimsəyə açmamağı demişdi. Biz də belə etdik. Amma, birdən qapını təpiklədilər və vurub sındırdılar. Mənzilə Səbael rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin rəisi Həsən adlı şəxs və 9 digər polis əməkdaşı daxil oldu. Onlar söyüşlərlə bizi təhqir etdi, evdə icazəsiz axtarışlar apardı. Mənimlə birgə mənzildə olan AXCP Ali Məclisinin katibi Eldar Hüseynovun kompüterini aldılar və bizi polis şöbəsinə apardılar.

Sual: Onlar evə daxil olarkən və axtarış apararkən məhkəmənin bu barədə qərarını təqdim etdilərmi?

Cavab: Mən onlardan məhkəmənin qərarını tələb etdim. Onlar heç bir sənəd təqdim etmədilər və dedilər ki, nə sənəd, nədən danışırsınız. Yəni, adətləri üzrə Azərbaycanda bundan öncə evlərin axtarışı necə olub, elə də hərəkət etdilər. Dedilər çox danışma və bizi polis şöbəsinə gətirdilər.

Sual: Polis şöbəsində Sizi harada saxladılar və səhhətiniz hansı səbəbdən pisləşdi?

Cavab: Əvvəlcə məni əllidən çox cəbhəçinin, müsavatçının saxlandığı kameraya saldılar. Təkid etdikdən sonra, məni, Rövşən Quliyev və Eldar Hüseynovu başqa kameraya dəyişdilər. Həmin kamerada bizdən başqa iki nəfər əsgər də var idi. Bu kamerada da tam havasızlıq idi. İki dəfə infarkt keçirdiyim üçün vəziyyətim daha da ağırlaşdı. Kamerada mənimlə olanlar növbətçiyə həkim çağırmasını xahiş etdilər. Növbətçi çağırarıq-çağırarıq deyərək iki saatadək bizi gözlətdi. Gördüm vəziyyətim lap ağırlaşıb, özüm ondan həkim çağırmasını xahiş etdim. Lakin, bu dəfə növbətçi kamerada havanın çoxalmasına çalışmaq əvəzində, balaca nəfəsliyi də qapadı. Bundan da iki saat yarım keçdikdən sonra mənim qollarımı burub zorla birnəfəsə beşinci mərtəbəyə müstəntiqlərin yanına qaldırdılar. Mən onlara iki dəfə infarkt keçirdiyimi və sürətlə yeriyə bilmədiyimi xatırlatsam da əhəmiyyəti olmadı. Orada müstəntiq özünü təqdim etdi, Bakı şəhər Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin Cavid adlı baş müstəntiqi idi. O, mənim şübhəli şəxs qismində istintaqa cəlb edildiyimi bildirdi. Müstəntiqlərdən də həkim çağırmalarını xahiş etdim. Onlar da çağırarıq-çağırarıq dedilər. Amma, hökumət tərəfindən təyin edilmiş bir vəkil də var idi. Vəkil Fərman Kərimzadənin oğlu olduğunu dedi. Çox alicənab vəkil idi. O müstəntiqlərə ağır xəstə vəziyyətində olan insandan ifadə almağın yolverilməz olduğunu xatırlatdı. Yalnız, vəkilin inadından sonra təcili tibbi yardım üçün zəng edildi. Bir müddətdən sonra təcili yardımın həkimi gəldi və kardioloq olmadığını dedi. Həkim mənə ilkin tibbi yardım göstərdi və müstəntiqlərdən təkidlə kardioloq həkim çağırılmasını xahiş etdi. Bundan sonra, müstəntiqlər kiminləsə məsləhətləşdilər və kardioloq dəvət etdilər. Kardioloq bir qədər gec gəldi və onu uzun müddət polis şöbəsinə buraxmadıqlarını bildirdi.

Sual: Necə oldu ki, Sizi xəstəxanaya apardılar?

Cavab: Kardioloq müayinə etdikdən sonra müstəntiqlərə iradla bildirdi ki, bu şəxs təcili xəstəxanaya köçürülməlidir. O müstəntiqlərə dedi ki, bir az da keçərsə məndə infarkt prosesi başlayacaq.

Sual: Xəstəxanada hansı diaqnoz qoydular?

Cavab: Xəstəxana infarktın işemiya əlamətləri diaqnozu qoyub.Xəstəxananın epikrizində də deyilir ki, iki dəfə infarkt keçirib, üçüncü infarkt ərəfəsində qanda olan laxta gəlib damarın divarına dirənib və həkimlərin müdaxiləsi nəticəsində qan laxtası damarı tutmayıb. Bu isə minlərlə xəstədən birində təsadüf edən haldır.

Sual: Xəstəxanada Sizin palatanın qapısı ağzında polis keşik çəkirdi və heç kimi Sizinlə görüşə buraxmırdı? Həkimlərin müalicəsindən razısınızmı?

Cavab: 4 saylı şəhər xəstəxana və sonra Mərkəzi Klinik Xəstəxanaya köçürüldüm. Hər iki xəstəxanada həkimlərin qayğılarını hiss etdim. Həkimlərdən və tibb personalından razıyam.

Sual: Hazırda Türkiyədə ürəyinizdən cərrahiyyə əməliyyatına hazırlaşırsınız. Hansı səbəbdən Azərbaycanda əməliyyat olunmursunuz?

Cavab: Azərbaycan hökumətinin mənə olan münasibətini bilirəm. Eyni zamanda, Azərbaycan həkimlərinə minnətdaram və bilirəm ki, ürəyimdə aparılacaq əməliyyatı Azərbaycanda aparacaq kifayət qədər savadlı və bacarıqlı kadrlarımız var. Bununla yanaşı, ölkədə idarəetmə sisteminin siyasi qərarlardan asılı olduğunu və hökumətin mənə münasibətini bildiyimdən Türkiyəyə geyməyə məcburam.

XS
SM
MD
LG