Accessibility links

Hudson İnstitutunda Rusiya seçkiləri müzakirə olundu

  • Əsgər Möhsümoğlu

Politoloq Leon Aronun fikrincə Rusiyadakı hərəkat siyasi şüarlar yox, moral şüarlar üzərində təşəkkül tapıb. “Xalqdan oğurlama!”, “Sərvətləri talama!”, “Haqlarımızı tapdama!” kimi şüarlar hərəkatın başlıca qayesini təşkil edir. Bunun rejim üçün müsbət tərəfi odur ki, moral mübarizə aparan adamlar adətən təşkilatlanmaqda ləng olurlar. Amma Putin üçün ən böyük təhlükə ondan ibarətdir ki, onun rejiminə qarşı formalaşan yeni müxalifət barışmaz xarakter daşıyır.

Martın 6-da Vaşinqtonda yerləşən Hudson İnstitutunda “Rusiyada Prezident Seçkiləri: Putinizm 2.0 Yaxud Daha Yaxşı?” başlıqlı diskussiya keçirildi. Rusiyalı və amerikalı ekspertlər Vladimir Putinin yenidən prezident seçilməsinin gələcək təsirlərini, Rusiyada demokratik hərəkatın mahiyyətini və uzun-dönəmli geostrateji faktorları müzakirə etdilər. Rusiyalı politoloq Andrey Pyontkovski, Amerika Sahibkarlıq İnstitutunun Rusiya üzrə eksperti Leon Aron və Jamestown Fondunun prezidenti Qlen Hovard öz düşüncələrini tədbir iştirakçıları ilə paylaşdılar.

Andrey Pyontkovski Rusiyadakı mövcud siyasi sistemi ‘Putinizm’ kimi səciyyələndirərək onu Vadimir Leninin tarixi təbirincə “kriminal kapitalizmin ən yüksək mərhələsi adlandırdı” Onun sözlərinə görə Rusiyada baş verənləri korrupsiya kimi təsvir etmək düzgün deyil, çünki korrupsiya sözü biznesmenlərin hökumət işçilərinə rüşvət verdiyini ehtiva edir. Amma Rusiyada sahibkarlar elə hökumət işçilərinin özləridir. Pyontkovski Vladimir Putinin Millhouse İnvestisiya LLC şirkətinin rəhbəri Roman Abramoviç və Gunvor şirkətinin həmsədri Gennadi Timçenko vasitəsilə milyardlarla dollar mənimsədiyini söylədi. Ölkənin nəhəng var-dövlətinin bir neçə adamın əlində cəmləşdiyini deyən rus politoloq Putinin özünümüdafiə strategiyası kimi anti-Qərb mövqeyi tutduğunu bildirdi. Putinin seçki kampaniyasında “düşmən” obrazı kimi müalifət yox, daha çox ABŞ başda olmaqla Qərb təsvir olunurdu. “Putin həqiqətən də bu cəfəngiyyata inanır, çünki bu, həm də onun üçün bir psixoloji müdafiə mexanizmidir,” deyə Pyontkovski bildirdi. Politoloqun sözlərinə görə Putin Rusiyanın var-dövlətini talamağına xarici düşmənlərə qarşı epik mübarizəsi ilə haqq qazandırır. Xalq içində nüfuzunu sürətlə itirən Putin və onun ətrafı üçün bu mifə tapınmaq həyati əhəmiyyət kəsb edir.

Leon Aron Rusiyada prezident seçkilərinin xalqı siyasi prosesdən fundamental şəkildə kənarlaşdırmaq cəhdi kimi qiymətləndirdi və bu cəhdin sonda uğursuzluğa düçar olacağını söylədi. Aronun sözlərinə görə Rusiyada yetişməkdə olan siyasi böhran vəd edir ki, Putin ən geci 2018-ci ilədək hakimiyyətdən uzaqlaşdırılacaq. Rusiyanın sabiq baş naziri Yeqor Qaydar vaxtikən Rusiyanın siyasi təkamül baxımdan Avropa ölkələrindən 50 il geridə qaldığını deyirdi. Əgər bu doğrudursa, onda, Aronun fikrincə, 1970-ci illərdə Yunanıstan, İspaniya və Portuqaliyada baş verdiyi kimi Rusiyada yaxın illərdə nəhəng demokratik oyanış gözlənilir. Belə ki, rejimin ideoloji potensialı büsbütün tükənib. Heç Putinin özü də hazırda rejimin əsaslandığı “suveren demokratiya” anlamına abunəçi deyil. Ən əsası isə odur ki, Rusiyada tektonik nəsil dəyişikliyi baş verir. Hazırda ərsəyə gəlməkdə olan gənc nəsil Sovet dönəmini qətiyyən xatırlamır və onlar Rusiyanın üçüncü dünya ölkəsi kimi idarə olunmasını özlərinə həqarət hesab edirlər.

“Rus gənclər öz durumlarını valideynləri yaxud nənə-babalarının durumu ilə yox, Qərbi Avropada yaşayan həmyaşıdları ilə müqayisə edirlər. Bu baxımdan Rusiyada cərəyan edən mübarizə siyasi yox, vətəndaş hüquqları hərəkatıdır,” deyə Aron bildirdi. Bu üzdən də Rusiyadakı hərəkat siyasi şüarlar yox, moral şüarlar üzərində təşəkkül tapıb. “Xalqdan oğurlama!”, “Sərvətləri talama!”, “Haqlarımızı tapdama!” kimi şüarlar hərəkatın başlıca qayesini təşkil edir. Bunun rejim üçün müsbət tərəfi odur ki, moral mübarizə aparan adamlar adətən təşkilatlanmaqda ləng olurlar. Amma Putin üçün ən böyük təhlükə ondan ibarətdir ki, onun rejiminə qarşı formalaşan yeni müxalifət barışmaz xarakter daşıyır. Əvvəlki nəslin formalaşdırdığı müxalifətdən fərqli olaraq yeni dissident nəsli pulla ələ almaq, oyuncağa çevirmək, rejimin mexanizminə ilhaq etmək qeyri-mümkün olacaq. Onlar sonadək mübarizə aparacaqlar, deyə Aron proqnozlaşdırdı.

Jamestown Fondunun prezidenti Qlen Hovard Putinin idarəçiliyi altında ABŞ-Rusiya münasibətlərinin yaxın gələcəyindən və Rusiyanın xarici siyasətindən danışdı. O, bildirdi ki, Rusiya ilə münasibətləri sahmana salmaq siyasəti yürüdən Obama administrasiyası hazırda müəyyən çaşqınlıq keçirir. Vladimir Putinin anti-Qərb mövqe sərgiləməsi və Suriyada Əsəd rejiminə dəstək verməsi Vaşinqtonun Rusiya ilə bağlı gözləntilərində çətinliklər yaradıb. Amerikalı rəsmilər Rusiyada cərəyan edən hadisələri diqqətlə izləyir və yaxın gələcəkdə situasiyanın hansı istiqamətdə dəyişə biləcəyini müəyyən etməyə çalışırlar. O biri tərəfdən Putinin Sovet İttfaqını bərpa etmək məramını açıqlaması qonşularda müəyyən təlaş doğurur. Qlen Hovard Rusiya-Gürcüstan münasibətlərində gərginliyin artacağını və başqa sabiq sovet respublikalarında Rusiyanın nüfuzunu genişləndirmək cəhdləri olacağını ehtimal etdiyini söylədi.

XS
SM
MD
LG