Accessibility links

Human Rights Watch rəsmi Bakını siyasi fəalları və hüquq müdafiəçisini azad etməyə çağırır


Human Rights Watch rəsmi Bakını siyasi fəalları və hüquq müdafiəçisini azad etməyə çağırır
Human Rights Watch rəsmi Bakını siyasi fəalları və hüquq müdafiəçisini azad etməyə çağırır

Human Rights Watch-ın fikrincə, uydurma cinayət işləri və qanunsuz məhkəmələr hakimiyyətin tənqidi aradan qaldırma metodlarıdır. Avropa Şurasının üzvü olan dövlətdə bu, yolverilməzdir.

Azərbaycan hüquq müdafiəçisi parlament seçkiləri zamanı yol verdiyi pozuntularla bağlı şübhəli iş üzrə 3 il həbs cəzası alıb. Digər bir məhkəmə prosessual pozuntularla altı müxalifət fəalını hökumət əleyhinə aksiyalarda iştiraka görə müxtəlif müddətli həbs cəzalarına məhkum edib. Bu barədə Human Rights Watch-un bəyanatında bildirilir.
“Uydurma cinayət işləri və qanunsuz məhkəmələr hakimiyyətin tənqidi aradan qaldırma metodlarıdır. Avropa Şurasının üzvü olan dövlətdə bu, yolverilməzdir”, - deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib.

Turan agentliyinin məlumatına görə, avqustun 27-də Göyçay rayon məhkəməsi hüquq müdafiəçisi Vidadi İsgəndərovu 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləri ilə bağlı iş üzrə vətəndaşları iradələrinə zidd səs verməyə məcbur etməkdə, seçki komissiyasının işinə müdaxilə etməkdə, habelə adam döyməkdə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib.
Ötən ilin noyabrında cənab İsgəndərov Ağdaş-Göyçay seçki dairəsindən deputatlığa namizəd olub. Seçkilərdən sonra o, polisə və prokurorluğa dairədə baş verən saxtakarlıqlarla bağlı şikayətlə müraciət edib. Sübutlar təqdim etməsinə baxmayaraq araşdırma aparılmayıb və bunun əvəzində hüquq müdafiəçisinin özünə qarşı iş açılıb.
”Vidadi İsgəndərovun işi üzrə məhkəmə və hökm Azərbaycanın da iştirakçısı olduğu Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş bir sıra əsas hüquqların açıq-aşkar pozulması ilə müşayiət olunub”,- deyə Human Rights Watch qeyd edir.
“İsgəndərovun cinayət təqibində bütün saxtalaşdırma əlamətləri var və bunların yeganə məqsədi bir insanın vətəndaş fəallığına görə cəzalandırılmasıdır. Hakimiyyət bu işə xitam verməli və hüquq müdafiəçisini dərhal azad etməlidir”, - deyə Hyu Uilyamson qeyd edir.

Bir neçə gün əvvəl Bakı şəhəri Səbael rayon məhkəməsi müxalifətin aprel aksiyalarında iştiraka görə altı fəalı müxtəlif müddətli - yarım ildən üç ilə qədər həbs cəzalarına məhkum edib. Arif Alışlı, Elnur İsrafilov, Elşən Həsənov, Sahib Kərimov, Zülfüqar Eyvazov və Babək Həsənov aprelin 2-də keçirilən etiraz aksiyasından sonra həbs olunub və Cinayət Məcəlləsinin ictimai asayişi pozan əməllərin təşkili və ya onlarda iştirak, hakimiyyət nümayəndəsinə müqavimət və ya hakimiyyət nümayəndəsinə qarşı zorakılıq, əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi maddələri cinayət məsuliyyətinə cəlb olunublar.
Təşkilat hesab edir ki, altı fəalın müxalifətin mitinqlərində iştiraka görə cinayət təqibi və onların ədalətli mühakimə hüququnun təmin edilməməsi Avropa İnsan Hüquqları Konvensiyasının açıq-aşkar pozulmasıdır. “Hətta mitinqlərin cinayətlər və hüquq pozuntuları ilə müşayiət olunduğunu iddia edən rəsmi versiyaya əsaslansaq, Avropa İnsan Hüquqları Məhkəməsi birmənalı olaraq müəyyən edib ki, nümayiş zamanı törədilən ayrı-ayrı zorakılıq aktları və ya digər cəzalandırılan əməllər dinc toplaşmaq hüququna xitam verilməsinə səbəb olmur. İsgəndərovun işində olduğu kimi, ittiham tərəfi apelyasiya mərhələsində bütün ittihamları geri götürməli və hökmün ləğvi haqqında məsələ qaldırmalıdır”.
“Fəalların həbsləri və onlara qarşı siyasi əsaslı hökmlər Azərbaycanın beynəlxalq hüquqi öhdəliklərinin pozulmasıdır. Hakimiyyət dərhal mitinqə çıxanlara qarşı işləri dayandırmalı, ifadə azadlığı və sərbəst toplaşmaq azadlığının çərçivələrini genişləndirməlidir”, - deyə Hyu Uilyamson bildirib.

Öz növbəsində, rəsmi Bakı müxalifət fəallarının və hüquq müdafiəçisinin siyasi fəaliyyətlərinə görə deyil konkret cinayət hərəkətlərində günahlandırıldığını bildirir.

XS
SM
MD
LG