Accessibility links

Hüquq müdafiəçiləri siyasi məhbuslar üzrə məruzəçinin bərpasını istəyir


Siyasi məhbusların vahid siyahısının hazırlanması üzrə işçi qrupunun üzvləri Avropa Şurası rəhbərliyinə müraciət edərək, Azərbaycanda siyasi məhbuslar probleminin kəskinləşməsinə diqqət yetirməyə çağırıblar.

Müraciət AŞPA prezidenti Pedro Aqramunta, AŞ baş katibi Turbörn Yaqlanda, AŞ insan hüquqları üzrə komissarı Nils Muyjnieksə, AŞPA Hüquqi İşlər və İnsan Hüquqları Komitəsi, Siyasi İşlər və Demokratiya Komitəsi və AŞPA-da fəaliyyət göstərən siyasi qruplara ünvanlanıb.

Müraciət müəllifləri xatırladırlar ki, Azərbaycanda siyasi məhbuslarla bağlı almaniyalı deputat Kristofer Ştrasserin hazırladığı hesabatın qəbul edilməməsindən 4 il ötür. O vaxtdan Azərbaycanda siyasi azadlıqlar və demokratik institutların müdafiəsi ilə bağlı vəziyyət daha da pisləşib. Belə ki, ölkədə alternativ fikir və düşüncələrinə, müstəqil ictimai və siyasi fəaliyyətinə görə onlarla şəxs təzyiqlərə məruz qalaraq qondarma və saxta ittihamlarla həbs edilib. Hazırda yerli hüquq müdafiəçilərinin apardığı araşdırmalara əsasən Azərbaycanda 120 nəfərdən artıq şəxs siyasi məhbusdur.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) siyasi motivli həbslərlə bağlı qərarları ölkədə ədalətli mühakimə hüququnun müdafiəsi və qanunun aliliyinə hörməti təmin edə bilmir. Məsələn, AİHM-in REAL Hərəkatının sədri İlqar Məmmədovun barəsində 2014-cü ildə qəbul edilmiş qərarını Azərbaycan hökuməti indiyədək icra etməyərək siyasi repressiyaları davamlı şəkildə apardığını göstərib.

Müraciət müəllifləri AŞPA-nın müxtəlif siyasi qruplar və ölkələri təmsil edən üzvlərinin Azərbaycanda siyasi repressiyalarla bağlı səmimi narahatlığını təqdir edir, ancaq hesab edir ki, hazırda AŞPA-nın siyasi məhbuslarla bağlı daha geniş və ətraflı monitorinq aparmasına ehtiyac var.

İşçi qrupun üzvləri təəssüflə bildirirlər ki, AŞPA-nın Azərbaycanın 2014-cü ildə Avropa Şurasına sədrliyi dövründə insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün təyin etdiyi məruzəçi Alen Desteks öz mandatına uyğun çalışmayıb, bu sahədə vəziyyəti öyrənmək üçün yerli vətəndaş cəmiyyəti təmsilçiləri və hüquq müdafiəçiləri ilə əməkdaşlıqdan yayınıb, ölkəyə səfər etməyib. O, Azərbaycana yalnız bir dəfə - Bakıda Formula 1 yarışlarının açılışı zamanı gəlib, yalnız ölkə rəsmiləri ilə görüşüb.

“Biz həmçinin Azərbaycan parlamentinin iki üzvünün 23 yanvar 2013-cü il sessiyası zamanı AŞPA-nın keçmiş vitse-prezidenti Luka Volonteyə rüşvət verməsi barədə iddiaların hazırda İtaliyada Milan prokurorluğunda araşdırıldığına diqqət çəkərək, Azərbaycanda siyasi məhbuslar probleminin yenidən AŞPA-nın monitorinqə çəlb etməsini aktual sayırıq”,- müraciətdə deyilir.

Əsasən siyasi məhbuslarla bağlı ətraflı və obyektiv araşdırmanın aparılması üçün AŞPA-nın yeni məruzəçi təyin etməsi təklif olunur.

Həmçinin Desteksin başqa şəxslə əvəzlənməsi təklif edilir.

Müraciəti Əsabəli Mustafayev, Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılova, Anar Məmmədli, Şahvələd Çobanoğlu, Rövşən Hacıyev, Samir Kazımlı, Xalid Bağırov imzalayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG