Accessibility links

“Türkiyə-Rusiya böhranı İrandakı anti-türklərə fürsət yaradıb” [Audio-Müsahibə]


Hüseyn Paşayi

Hüseyn Paşayi

“İran aydınları Rusiyanın yaxın zamanlarda da İran çıxarlarına qarşı olduğunu görüblər. Amma, türk və ərəbə gəlib çatanda bunlar Rusiyanın yanında olur,” deyə Hüseyn Paşayi Türkiyə-Rusiya böhranı ilə bağlı İranlı siyasi fəallar və jurnalistlərin mövqeyini dəyərləndirir. Ankara Universitetində doktorluq dərəcəsi üzərində çalışan Təbrizli siyasi ekspert Amerikanın Səsinə söhbətdə Türk-Rus münasibətlərində yaşanan gərginlik və iki ölkənin liderləri eləcə də, digər dövlətlər tərəfindən sərgilənən mövqe haqqında danışıb.

Hüseyn Paşayi Rusiya hərbi təyyarəsinin vurulmasını Türkiyə və NATO tərəfindən Rusiyaya verilən bir xəbərdarlıq kimi dəyərləndirir. Onun dediklərinə görə, Rusiya bundan öncə dəfələrlə həm Suriya, həm də Qara Dəniz tərəfindən Türkiyənin hava sərhədini pozmuşdu və Türkiyənin etirazlarına məhəl qoymamışdı.

İki ölkə arasında 35 milyarddan yuxarı idxal-ixracdan söz gedir və Putin bu yeni Rusiyanın memarı olaraq öz açıqlamalarında da dediyi kimi bu duruma varmaq üçün çox zəhmət çəkmişdi və belə bir hadisəni gözləmirdi.

Təbrizli ekspert olaydan sonra Rusiyanın təpkilərinin çox aqressiv olduğunu deyir:

“Rusiya bu olayda çox aqressiv davranır... İki ölkə arasında 35 milyarddan yuxarı idxal-ixracdan söz gedir və Putin bu yeni Rusiyanın memarı olaraq öz açıqlamalarında da dediyi kimi bu duruma varmaq üçün çox zəhmət çəkmişdi və belə bir hadisəni gözləmirdi.”

Təyyarə olayından sonra Rusiyada yaşayan Türkiyəli tələbələr və iş adamlarına qarşı tətbiq edilən hücumlar və basqılara diqqət çəkən Paşayi Rusiya hakimiyyətinin bu davranışlarla ölkə daxilində ictimai rəy formalaşdırmaq istədiyini ifadə edir.

O, bu mövzuda Türkiyənin təpkilərinin məntiqli və diplomatik qaydalara uyğun olduğunu irəli sürür.

Hüseyn Paşayi həmçinin Türkiyə-Rusiya böhranı ilə bağlı İranın siyasi çevrələrində səsləndirilən fikirlərlə bağlı münasibət bildirir. O, iki ölkə arasındakı gərginliyin başlamasından sonra müxtəlif ölkələr tərəfindən Türkiyəyə verilən dəstəyin farsdilli mediada əks edilmədiyini önə çəkir.

Təyyarə olayından sonra Türkiyə-Rusiya münasibətlərində ortaya çıxan gərginlik sosial şəbəkələrdə İranlı istifadəçilərin müzakirə etdiyi əsas mövzulardan biri olub. Bu müzakirələrdə ümumiyyətlə İran Azərbaycanından olan türk fəallar Türkiyə tərəfini tutarkən İranlı jurnalistlər və siyasi fəalların böyük bir hissəsi Rusiyanın xeyrinə münasibət bildirirlər.

Ümumiyyətlə siyasi qarşıdurmalarda Rusiyaya zidd bir cəbhədə yer tutan iranlı fəallar və müxalif qüvvələrin bu gün fərqli bir mövqedən çıxış etmələrini Hüseyn Paşayi İranda mövcud olan anti-türk tendensiyaya bağlayır:

“Mən onların rəftarını sosial psixoloji və siyasi sosiologiya cəhətindən, həm də solçuların baxışı ilə dəyərləndirirəm... Sadiq Zibakəlamın (Tehran Universitetinin professoru) bir sözü var ki, deyir, biz farslar ya iranlılar ərəblərin qarşısında hələ də Qadisiyyə Savaşında (636-cı ildə baş vermiş müharibə) qalmışıq... Ümumiyyətlə iranlılar türklərə gələndə də moğollar, Orta Asiyadan gələn türklər və Səlcuqlar dövrünün perspektivi ilə düşünürlər...”

İranda türklər anti-türk söyləmlərə etiraz edəndə onlara deyirlər ki, biz sizi demirik, siz azərisiniz biz Türkiyədə olan türkləri deyirik. Türkiyə-Rusiya böhranı da onlar üçün bir fürsət hazırlayır ki anti-türk rəftarlarını ortaya qoysunlar.

Onun söylədiklərinə görə, yaxın zamanlarda Rusiyanın İran toplumuna verdiyi zərərləri görən iranlı aydınlar belə mövzu türklər və ərəblərə gələndə Rusiyanın yanında dururlar.

Paşayi həmçinin bu istiqamətdə iranlı solçuların Putindən yaratdıqları təsvirə işarə edir. O, həmçinin deyir ki, iranlı aydınlar İran İslam Respublikasının Suriyada nümayiş etdiyi gücü ilə qürur duyurlar.

“İranda türklər anti-türk söyləmlərə etiraz edəndə onlara deyirlər ki, biz sizi demirik, siz azərisiniz biz Türkiyədə olan türkləri deyirik. Türkiyə-Rusiya böhranı da onlar üçün bir fürsət hazırlayır ki, anti-türk rəftarlarını ortaya qoysunlar.”

XS
SM
MD
LG