Accessibility links

Hüseyn Abdullayevin cavabı: Əsəblərinə hakim kəsilə bilmirlər [Video-"Susma"]


Hüseyn Abdullayev

Hüseyn Abdullayev

“Hər şey “Susma”dan sonra baş verdi”. O barəsində qaldırılan cinayət işini saxta adlandırıb


Sabiq millət vəkili Hüseyn Abdullayevin dövlətlərarası və beynəlxalq axtarışa verilməsi təsdiqlənib. Bu barədə Amerikanın Səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Hazırda H. Abdullayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yerli medianın məlumatına görə, H.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Vergilər Nazirliyi bu faktı hələlik rəsmi təsdiq etməyib.

“Oğuz eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev “Müsavat.com” saytına açıqlamasında vergidən yayınmaq ittihamı ilə barəsində başladılan cinayət işinə və axtarışa verilməsinə münasibət bildirib.

“Bu cinayət işi qondarma, saxta bir işdir. Mən 6 aydır Azərbaycanda yaşamıram. Almaniyada müalicə olunuram. Məni nə vaxt istintaqa çağırıblar ki, getməmişəm? Bütün bunların hamısı mənasız, qurama işlərdir. Mən 10 ildir ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul deyiləm. Belə olan halda vergidən necə yayına bilərəm?! Mənim nə firmam var, nə biznes fəaliyyətim”.

H.Abdullayev bildirib ki, bütün bunlar onun yaradıcılığı və mövqeyi ilə bağlıdır.

“Hər şey “Susma” əsərindən sonra baş verdi. Ona qədər də hakimiyyətdən mənə qarşı basqı var idi. Amma “Susma”dan sonra əsəblərinə hakim kəsilə bilmədilər. Mən o əsərlə xalqımı haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə çağırmışam. Öz taleyinə biganə olmamaq çağırışı etmişəm. Bunlar isə məni xalqımla eyni mövqedə olduğum üçün qondarma ittihamlarla axtarışa veriblər. Məni axtarmağa və tapmağa nə var ki. Mənim yerim Azərbaycan xalqının ürəyidir...

Mən millətimin ürəyindəyəm, millətim də mənim qəlbimdədir. Öz ölkəmdə xalqımı sevdiyimə görə mənim barəmdə cinayət işi açıblar. Məgər xalqı, vətəni sevmək cinayət əməlidir?!”

Hüseyn Abdullayev onun barəsində son vaxtlar bəzi saytlarda gedən yazılara da münasibət bildirib.

“Barəmdə açılan cinayət işi kimi, o müsahibələr də sifarişdir. Məni təxribata çəkib danışdırmaq istəyirlər. Mən onların istədiyi vaxtda yox, öz istədiyim vaxtda danışacam. Səviyyəsiz və sifarişlə yaşayan adamlara cavab vermək istəməzdim. Hər şeyin zamanı var...”, o qeyd edib.

Show comments

XS
SM
MD
LG