Accessibility links

Hüquq müdafiəçiləri və Azərbaycan veb səhifələrinin məlumatına görə, fevralın 20-də Dünya Ana Dili Günü münasibəti ilə Əhər şəhərində təşkil olunmuş toplantıda həbs edilmiş azərbaycanlı fəalların biri tanınmış şair və türk dili müəllimi İbrahim Savalan (Rəşidi)Təbriz zindanına göndərilib. Məlumatda deyilir ki, İbrahim Savalan xaric, nəzarət altına alınanların hamısı ötən günlərdə müvəqqəti olaraq sərbəst buraxılıblar.

Oyan News saytının yazdığına görə, Xiyavlı türk fəal daha öncə Təbriz İnqilab məhkəməsi tərəfindən məhkum olduğu bir il həbs müddətini tamamlamaq üçün Əhər zindanından Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Urmiyə Universitetinin məzunu və güneydə öyrənci (tələbə) hərəkatının tanınmış simalarından olan İbrahim Savalan 2003-cü ildən bəri dəfələrlə nəzarət altına alınıb və Urmiyə, Təbriz, Əhər, Ərdəbil və Meşginşəhr (Xiyav) kimi şəhərlərin zindanları, habelə Tehranın Evin həbsxanasında saxlanıb.

İnsan haqları qruplarının yaydığı məlumata görə, fevralın 20-də İranın təhlükəsizlik məmurları Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Dünya Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə toplaşan 100 nəfərə yaxın güneyli fəalı nəzarət altına alıb. Şərqi Azərbaycan vilayətinin Ədliyyə İdarəsi isə həmin mərasimdə 59 nəfərin həbs edildiyini təsdiq edib.

“Əhər şəhərinin ümumi və inqilab məhkəməsinə istinadən, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərindən olan 59 millətçi Əhər şəhərində bir evdə toplanıb Ana Dili Gününü qeyd etdikləri zaman polis tərəfindən nəzarət altına alınıb. Polis və təhlükəsizlik qurumlarının hesabatı, eləcə də tutulanların keçmişini nəzərə alaraq onlara İran İslam Respublikasının təhlükəsizliyini pozmaq hədəfi ilə fəaliyyət göstərən təşkilatlar qurmaq və ya üzv olmaq ittihamı ilə məhkəmə işi açılıb,” deyə Şərqi Azərbaycan Ədliyyə İdarəsinin veb səhifəsində qeyd edilib.
XS
SM
MD
LG