Accessibility links

İctimai Palata seçki dinləmələri keçirəcək


Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti toplantısı keçirilib. APA Agentliyinin məlumatına görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Seçki mühitinin formalaşdırılması ilə bağlı məsələlər əsas müzakirə obyekti olub. Qərara alınıb ki, iyunun 21-də Müsavat Partiyasının qərargahında keçiriləcək “Seçki dinləmələri”nə ölkənin aparıcı müxalifət partiyalarının rəhbərləri, hüquq müdafiəçiləri, hüquqşünaslar, həmçinin Ziyalılar Forumunun təmsilçiləri dəvət edilsin və geniş müzakirələr təşkil olunsun.

KŞ-nin toplantısında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin tutduğu vəzifədən azad edilməsi ilə bağlı Avropa Şurasına müraciət hazırlanmasına dair qərar qəbul olunub. KŞ hesab edir ki, sözügedən həmməruzəçilər Avropa Şurasının yox, Azərbaycan hakimiyyətinin mövqeyindən çıxış edirlər.
Toplantıda İctimai Televiziyanın İP-in tədbirlərini işıqlandırmaq və İP-ə efir vaxtı vermək haqqında müraciətinə verdiyi cavab da müzakirə olunub. İctimai Televiziya İP-in iyunun 21-də keçiriləcək “Seçki dinləmələri” mövzusunda dəyirmi masaya dəvət edilib.

Turan Agentliyinin məlumatına görə isə KŞ-nin toplantısında “Kür” Vətəndaş Qərargahının nümayəndəsi İlham Əmiraslanovun həbsi və işgəncələrə məruz qalması da əsas müzakirə obyekti olub. KŞ bu məsələ ilə bağlı bəyanat qəbul edib.
Belə ki, İ.Əmiraslanovun Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işgəncələrə məruz qalması 2003-cü ilin prezident seçkilərinə etirazla bağlı saxlanılanlara verilən işgəncə prosesinin bənzəri kimi dəyərləndirilib. Həm də İ.Əmiraslanovun işgəncə faktları ilə bağlı Daxili İşlər Nazirliyinə müraciətinə görə işgəncə haqqında şikayəti əsaslı sayılıb. 2003-cü ildə bu idarədə insanlara verilən işgəncə ilə bağlı Avropa Məhkəməsinin bu qurum haqqında Azərbaycan hökumətinə verdiyi tövsiyələr xatırladılıb. İ.Əmiraslanova verilən işgəncələrə görə KŞ Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi vurğulayıb. KŞ beynəlxalq qurumlara və yerli hüquq müdafiə təşkilatlarına məsələyə ciddi yanaşmaq çağırışı edib.
Müzakirələr zamanı İctimai Palatanın “Avtoritarizmdən demokratiyaya keçidin yumşaq “Yol Xəritəsi”nin ildönümü ilə bağlı sənədin yenidən müzakirə olunması təklifi səslənib və bu haqda müvafiq qərar qəbul olunub.
Daha bir qərar isə Milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğum günü ilə bağlı olub. 24 iyun saat 11-də Fəxri xiyabanda Əbülfəz Elçibəyin anım mərasiminin keçirilməsi qərarlaşdırılıb.

XS
SM
MD
LG