Accessibility links

İctimai Palata noyabrın 2-də Milli Məclisin qarşısında piket keçirəcək


Etiraz aksiyası

Etiraz aksiyası

İctimai Palatanın Koordinasiya Şurası aksiya iştirakçılarına qarşı cəzaların sərtləşdirilməsini qəbuledilməz sayır

Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata noyabrın 2-də, saat 12-də Milli Məclisin qarşısında piket keçirəcək. Bu barədə İctimai Palatanın Koordinasiya Şurasının oktyabrın 26-da keçirilən növbədənkənar iclasında qərar qəbul edilib.

Palatanın rəsmisi Ədalət Yüsibov “Yeni Müsavat” qəzetinə bildirib ki, toplantıda sərbəst toplaşmaq azadlığına Milli Məclis tərəfindən qoyulması gözlənilən qadağalar müzakirə olunub. Belə ki, noyabrın 2-də Milli Məclisdə kütləvi aksiyalarla bağlı cəza tədbirlərinin sərtləşdirilməsi istiqamətində qanunun qəbul ediləcəyi məlum olub.

İctimai Palatanın Koordinasiya Şurası aksiya iştirakçılarına qarşı cəzaların sərtləşdirilməsini qəbuledilməz sayır. Buna görə də qurum etiraz aksiyası barədə qərar qəbul edib.

İctimai Palata Azərbaycanda sərbəst toplaşma azadlığına qadağalarla bağlı bəyanat da qəbul edib.

İctimai Palata Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsini pisləyir və nə qədər gec deyildir bu rüsvayçılığa və ağılsızlığa son qoymağa çağırır.

“Repressiya və cəza tədbirləri xalqın azadlıq uğrunda mübarizədən çəkindirə bilməyəcəkdir. Mübarizə daha ciddi və daha qəti şəkildə davam etdiriləcək”, sənəddə deyilir.

Show comments

XS
SM
MD
LG