Accessibility links

İctimai Palata hökuməti siyasi xarakterli həbsləri dayandırmağa çağırır


İctimai Palata

İctimai Palata

Qurum həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir. Beynəlxalq təşkilatları və diplomatik korpusları missiyalarını daha prinsipial şəkildə həyata keçirməyə çağırır

İctimai Palata təəssüf hissi ilə bildirir ki, həbslərin əsgər ölümlərinə etirazla bağlı təyin olunmuş etiraz toplantısından öncə həyata keçirilməsi, tutulanların yaşadıqları evlərdə həyata keçirilən axtarışın vəkilin iştirakı olmadan, kobud qanun pozuntuları ilə müşayiət olunması həbslərin siyasi xarakterli olduğuna şübhə yeri qoymur. Bu barədə son zamanlarda ölkədə həyata keçirilən həbslər və cərimələrlə bağlı İctimai Palatanın bəyanatında deyilir.

İctimai Palata ictimai fəallığın yatırılması, siyasi opponentlərin sıradan çıxarılması məqsədilə saxta ittihamlar əsasında həyata keçirilən həbslərə son qoyulmasını tələb edərək, həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir. Beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin öz missiyalarını daha prinsipial şəkildə həyata keçirməyə çağırır.

Sənəddə deyilir ki, Avropa Şurasının son sessiyasında “kürü diplomatiyasının” aktiv fəaliyyəti nəticəsində Azərbaycan xalqının mənafeyinə zidd olan sənəd qəbul edilməsindən ruhlanan Azərbaycan hakimiyyəti, heç nəyi nəzərə almadan kütləvi surətdə qanun pozuntularına start verib.

“Əsgər ölümlərinə son!” tələbi ilə 12 və 26 yanvar aksiyalarında sadəcə iştirakına görə insanlara yüksək cərimələr tətbiq edilməsi, onların yaşadıqları mənzillərə gedərək, valideynlərinə məxsus əşyalara qeyri-qanuni həbs qoyulması, onların əmlakının müsadirə edilməsi faktları artmaqdadır.

Binə Ticarət Mərkəzinə, sahibkarların üzərinə əlavə haqq qoyulmasına etiraz edənlərin şərlənərək həbs edilməsi, İsmayıllı hadisələrinə görə günahkar olan qudurğan məmur balaları azadlıqda gəzə-gəzə, təhqirləri qəbul etmədiyinə etiraz edənlərin həbsə atılması, hadisələrdən bir gün sonra vəziyyətlə yerində tanış olmaq məqsədilə İsmayıllıya gedən Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin müxbiri Tofiq Yaqublunun, REAL Alternativ Hərəkatının rəhbəri İlqar Məmmədovun həbs edilməsi hüquqi nihilizmin təsdiqidir”.

Bəyanatda ölkədə insan haqlarının kobud şəkildə pozulmasının davam etdiyi vurğulanır.

“Bu günlərdə mediada və sosial şəbəkələrdə NİDA Gənclər Təşkilatının üç üzvü - Bəxtiyar Quliyev, Məhəmməd Əzizov və Şahin Novruzlunun, Gəncədə isə Müsavat Partiyasının fəalı Mahir Bayramlının yoxa çıxması barədə məlumat yayıldı. Artıq məlumdur ki, Bəxtiyar Quliyev martın 7-də təxminən saat 20 radələrində, təşkilatın digər üzvü Şahin Novruzov martın 7-də saat 21.00 radələrində, Məhəmməd Əzizov martın 7-də saat 21.30 radələrində mülki geyimli şəxslər tərəfindən saxlanılaraq, maşına mindirilərək naməlum istiqamətə aparılıblar.

Onların valideynlərinin, vəkillərin, vətəndaş cəmiyyəti qurumlarının gənclərin harada və nəyə görə saxlanması ilə bağlı israrlı axtarışların nəticəsində həmin şəxslərin MTN əməkdaşları tərəfindən oğurlandığı məlum olub. Hər üç gənc martın 10-da Bakıda keçiriləcək əsgər ölümlərinə etiraz toplantısı ilə bağlı fəallığı ilə seçilirdilər.

Bu günlərdə Gəncədə daha bir gənc fəal, Müsavat Partiyasının üzvü Mahir Bayramov həbs edilib. O da Gəncədə əsgər ölümünə etirazla bağlı dinc toplantının keçirilməsinin təşəbbüskarlarındandır və sosial şəbəkələrdə xüsusi fəallığı ilə seçilirdi”, sənəddə qeyd edilir.
XS
SM
MD
LG