Accessibility links

Azərbaycandan İrana ixracın həcmi 35 faiz azalıb


Azərbaycan və İran bayrağı

Azərbaycan və İran bayrağı

İran Azərbaycandan ən çox mal idxal edən 15 ölkə arasında yer almayıb, lakin Azərbaycana mal ixrac edən ölkələr sırasında 12-ci yeri turur

Azərbaycan Dövlət Gömrük Komitəsi ölkənin xarici ticarətinin 2012-ci il yanvar - iyun ayları üçün statistikasına əsasən hesabatını açıqlayıb. Trend agentliyinin məlumatına görə, həmin hesabata əsasən, 2012-ci ilin ilk altı ayı ərzində İran və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 149,697 milyon dollar təşkil edib.

Məlumata əsasən, 2012-ci ilin ilk altı ayı ərzində Azərbaycandan İrana ixracın həcmi 35 faiz azalıb. Belə ki, bu rəqəm 2011-ci il yanvar-iyun aylarında 93,338 milyon dollar təşkil etsə də, 2012-ci ilin analoji dövründə 35,3 faiz azalaraq 60,359 milyon dollar olub.
İrandan Azərbaycana idxalın həcmi isə 9,6 faiz artıb. Belə ki, 2011-ci ilin ilk altı ayı ərzində bu ölkədən Azərbaycana 81,496 milyon dollar məbləğində mal gətirilib, 2012-ci ilin eyni dövrü üçün isə bu məbləğ 89,338 milyon dollar təşkil edib.

Məlumatda həmçinin bildirilir ki, İran Azərbaycandan ən çox mal idxal edən 15 ölkə arasında yer almayıb, lakin Azərbaycana mal ixrac edən ölkələr sırasında 12-ci yeri turur.
Azərbaycandan ən çox mal idxal edən ölkələrlər İtalya, İsrail və İndoneziyadır. Azərbaycana mal ixrac edən ölkələrin siyahısında isə Türkiyə, Rusiya və Almaniya ilk pillələri tutur.

Azərbaycanın İrandan idxalı 2012-ci ilin ilk 6 ayı ərzində ölkənin ümumi idxalının iki faizini təşkil edir.

Azərbaycanın ümumi idxalatının həcmi 2012-ci ilin ilk 6 ayı üçün 4 459, 649 milyon dollar, ümumi ixracatının həcmi isə 12 711, 507 milyon dollar təşkil edib.
XS
SM
MD
LG