Accessibility links

Elmar Məmmədyarov: Münaqişələr tənzimlənmədən İƏT regional əməkdaşlıqdan tam fayda götürə bilməyəcək


Xarici işlər naziri Elmar Məmmədyarov İƏT Nazirlər Şurasının toplantısında çıxış edib
Xarici işlər naziri Elmar Məmmədyarov İƏT Nazirlər Şurasının toplantısında çıxış edib

Azərbaycan xarici işlər naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının toplantısında çıxış edib. O regional əməkdaşlıq, iqtisadi, ticarət və İKT sahəsində əlaqələrdən danışıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclasında çıxışında regional əməkdaşlıq, münaqişələr, Əfqanıstan, iqtisadi, ticarət, informasiya kommunikasiya texnologiyaları sahəsində əlaqələrdən danışıb.

Nazir bildirib ki, İƏT ölkələri dinamik iqtisadiyyata malik olaraq, biznes mühitinin yaxşılaşdırılması, rəqabət və innovasiyalar üçün açıqlığa səy göstərən ölkələr kimi tanınırlar.

“İƏT xüsusilə dəmir-yol xəttlərinin və onunla bağlı olan digər infrastrukturun modernləşdirilməsi, habelə ümumi dəmir-yol şəbəkəsinin yaradılması və onun Avropa və Yaxın şərq dəmir-yol şəbəkələri ilə əlaqələndirilməsini hədəf seçməlidir. Regional əhəmiyyət daşıyan və inşa olunan dəmir-yol xətlərinin, o cümlədən Qəzvin-Rəşt-Astara (İran) –Astara (Azərbaycan) dəmir-yolunun icrasının erkən tamamlanması region ölkələri üçün yeni cəlbedici tranzit imkanları yaradacaqdır”.

Nazir deyib ki, 2013-cü ildə Azərbaycan öz peykini səmaya çıxarmaqla, kosmik ölkələr klubuna qoşulub və Dünya İqtisadi Forumunun “2013-2014-cü illər üzrə Qlobal rəqabətlilik hesabatı”na əsasən 148 dünya dövləti arasında qlobal rəqabətlilik indeksinə görə 39-cu olub.

“Azərbaycan Əfqanıstanda informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət konsepsiyasının inkişafına töhfə vermək niyyətində olduğunu bildib. Bundan əlavə, biz ümid edirik ki, BMT qətnaməsi və fərdi olaraq 21 dövlət, o cümlədən əksər İƏT üzv ölkələri tərəfindən dəstəklənmiş şərq-qərb arasında yüksək sürətli optik lifli internet zolağının yaradılmasına dair Azərbaycanın təşəbbüsü region daxili və regionlararası əməkdaşlığımızda yeni səhifə açacaqdır”.

Məmmədyarov bildirib ki, həlli uzanmış münaqişələri tənzimləmədən, regionda təhlükəsizlik və sabitliyi təmin etmədən, İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə fayda götürə bilməyəcək.

“İƏT çərçivəsində Cənubi Qafqaz həlli uzanmış münaqişələrdən əziyyət çəkən digər bir regiondur. Ermənistan-Azərbaycan münaqişəsi hələ də əsas qeyri-sabitlik mənbəyi, regional inkişafa və tammiqyaslı regional əməkdaşlığa mane olaraq qalmaqdadır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bərpa edilməsi ilə mən inanıram ki, regionda hər bir tərəf üçün qarşılıqlı uduşlu inkişaf şəraiti yarana bilər”, o qeyd edib.
XS
SM
MD
LG